AZ RU EN
Həkimlərimizlə müsahibələr
10.08.2017
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, əməkdar həkim Vaqif Şadlinski: "Ümumilikdə muzeydə 24 minə qədər eksponat var"

Bakı. 10 avqust. REPORT.AZ/ Gedərkən ağlımda yalnız meyitlərin olduğu və onların hissələrə bölündüyü, yarıldığı məkan kimi təsəvvür edirdim. Lakin bu köhnə binaya girərkən sirlərlə dolu aləmə düşdüyümü hiss etdim. Sanki bu məkanda sabah yox idi, hər şey dünənlərin bir parçası idi. Beləliklə, "Report" sahibsiz meyitlərin eksponat və təcrübə vəsaiti kimi istifadə olunduğu Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının muzeylərindən yazır...

24 minə qədər eksponatın olduğu muzey

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının yerləşdiyi binanın dəhlizində üzərində insan anotomiyasının bütün hallarını özündə cəm edən böyük rəsmlər var. Kafedranın müdiri, əməkdar həkim Vaqif Şadlinski kafedra haqqında məlumat verməyə başladı. Deməli, ATU-nun İnsan anatomiyası kafedrasını 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradıcısı və ilk rektoru, professor Razumovski təşkil edib. O, Azərbaycanda 3-4 ay qaldıqdan sonra gedib. Bundan sonra kafedra müdiri vəzifəsinə Malinovski təyin edilib. Malinovskidən sonra bu vəzifədə onu Antirov əvəzləyib. 1937-ci ildə isə onun yerinə professor Balakişiyev təyin edilir. O, bu vəzifədə 1973-cü ilə, yəni vəfat edənə qədər çalışır. Həmin ildən sonrakı təxminən 15 il müddətində Gülağa Hacıyev kafedra müdiri olur. Daha 5 il isə professor Əsgərov həmin vəzifəni tutub. 1995-ci ildən isə Vaqif Şadlınski kafedra müdiri kimi çalışır. 

Kafedranın yerləşdiyi bina 1953-cü ildə istifadəyə verilib. Həmin vaxtdan muzey də bura köçürülüb. Mədəniyyət və Turizm Nazirliyi muzeyləri ictimai əsaslarla öz nəzarətinə götürüb. Ümumilikdə isə muzeydə 24 minə qədər eksponat var. Razumovskinin vaxtından indiyədək kafedranın tərkibindəki Anatomiya Muzeyi tədris muzeyi kimi fəaliyyət göstərib və xeyli genişləndirilib. Hazırda kafedrada dörd muzey (Eybəcərliklər, Dayaq hərəkət aparatı, Daxili orqanlar, Sinir sistemləri muzeyləri) var.

 

Min illik mumiyalar

Əvvəlcə dayaq-hərəkət aparatlarının yerləşdiyi muzeyə baş çəkdik. Bu otaqda insan skeleti, kəllə sümükləri, hətta mumiyalar var. Muzeydə sərgilənən kəllə skeletləri təxminən XI əsrə aiddir. Onların bir qismi Mingəçevir Su Elektrik Stansiyası tikilərkən köhnə qəbirlərdən çıxan kəllələrdir. Kəllə eksponatlarının sayından asılı olaraq tədqiqat işlərinin də həcmi böyükdür. 

Müsahibim skeletlərin hazırlanma qaydasından danışarkən bildirdi ki, əvvəllər meyit qaynadılaraq sümükləri ayrılar, ardınca da formalində təmizlənib saxlanardı. Ancaq hazırda belə proses həyata keçirilmir və eksponatlar daha çox alınır. Bunu da ali təhsil müəssisəsi, yəni, Tibb Universiteti edir. 

Təbii ki, diqqətimizi daha çox çəkən eksponatlardan biri də yüz ilə yaxındır bu kafedrada saxlanılan mumiyalar oldu. V.Şadlinski deyir ki, bu mumiyaların hər birinin mindən çox yaşı var: "Yüz ilə yaxındır burada saxlanılan iki kişi və bir qadının meyiti o zaman məscid və kilsələr söküləndə çıxarılıb. Onlar ildə bir dəfə xüsusi dərman və vasitələrlə təmizlənir".

 

Bəzən meyitlərin sahibi də çıxır

Ümumiyyətlə, muzeydə nümayiş etdirilən eksponatlar əvvəllər Moskvadakı tibb mərkəzlərindən gətirilirmiş. Bütün məmulatlar bankalarda formalinin içində hazırlanıb satılardı. Ancaq indi belə bir şey yoxdur. Xaricdə isə eksponatlar mulyaj şəklində satılır. Həmsöhbətim də meyit azlığından şikayət edir: "Meyitlərin cinsiyyət fərqi yoxdur. Əvvəllər meyit çox olduğundan on tələbəyə birini verə bilirdilər. İndi vəziyyət fərqlidir. Əvvəllər ilə 20 meyit alınırdı, ancaq ötən il heç bir meyit də alınmayıb. Bu il isə cəmi 3 meyit ala bilmişik. Çünki artıq heç kimi olmayan şəxslər kimsəsizlər qəbiristanlığında basdırılır. Ona görə də bu cür meyitləri götürə bilmirik. Bu baxımdan, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə əməkdaşlıq edirik. Bəzən meyiti aldıqdan bir müddət sonra onun sahibi çıxır. Əgər meyitin üzərində işlənilibsə, geri qaytarmaq mümkün olmur. Meyitin üzərində ilk olaraq müəllimlər işləyərək tələbəyə hazır şəkildə verirlər, çünki tələbə meyiti korlaya bilər". 

 

Meyitləri görəndən sonra ərizə yazaraq universitetdən gedən tələbələr də olub

Meyitlərin üzərində iş bitdikdən sonra sobada yandırılır. Ümumiyyətlə, ölkə ərazisində meyitlərin yandırıldığı soba məhz bu binadadır. Təbii ki, 1920-25-ci illərdə hazırlanan sobada meyitlər yandırıldıqdan sonra külləri atılır. Muzeydə yalnız ATU-nun professoru və keçmiş kafedra müdiri Malinovskinin külü var. 

Meyitlərlə işləmək tələbələr üçün çətinliklər də yaradır. 47 illik təcrübəsi olan müsahibim deyir ki, bəzi tələbələr bir-iki ay oxuyur, lakin meyitləri görəndən sonra ərizə yazaraq universitetdən gedib: "Təcrübəmdə 4-5 belə faktla qarşılaşmışam. Bəzən tələbələrdə ürək bulanması da olur. Hətta mən burada yeni işə düzələndə iyrəndiyimdən evdə 2-3 ay ət xörəyi yeyə bilməmişəm. Tələbələrin içində də belələri var. Ancaq zamanla vərdiş halını aldığından hər şey öz qaydasına düşür".

 

Vərəm və onkoloji xəstənin meyiti qəbul edilmir

Vaqif Şadlinski kafedraya gətirilən meyitlərin iylərinin olmadığını da söylədi: "Buna səbəb meyitlərin yeni olmamasıdır. Meyitlərin çürüməmələri üçün damarlar formalinlə doldurulur. Təbii ki, meyitlə işləyəndə formalin uçur və gözləri acışdırır. Eyni zamanda, fenol qatıldığından zəhərlidir. İşçilər təhlükəli şəraitdə çalışdıqlarından maaşları 20 faiz artımla alır. Düzdür, meyitlərlə işləmək çətin olsa da, tələbələr hansısa xəstəliyə yoluxa bilməz. Çünki formalin buna imkan vermir. Yaxud da meyiti təhvil almamışdan əvvəl onun vərəm və ya onkoloji xəstə olub-olmadığı öyrənilir. Çünki belə meyitlər götürülmür. Meyitin damarları nə qədər formalinlə doldurulsa da, toxumalarda xəstəliyin izləri qala bilər. Tələbənin həyatı ilə oynamaq olmaz. Meyit bir dəfə yarılır və ilk olaraq dərisi soyulur. Dərinin altında əzələ açılır. Bundan sonra əzələnin içərisində olan sinirlər və damarlar göstərilir. Sümüklər ayrıca göstərilmir, çünki sümük şəklində skeletlər çoxdur. Meyitlərin növbəti semestrə qalması üçün çox dağılmamasına çalışırıq. Meyitin hissələri xüsusi məhlullarla illərlə saxlanıla bilir. Morqda sahibsiz meyitləri yaranda onların içalatı, beyinləri götürülərək muzeydə preparat kimi istifadə edilir".

 

Bir insanın külünün çəkisi 800-1000 qr arasında olur

Bundan sonra bizə bələdçiliyi kafedranın professoru Balakişi Hüseynov edir. O, kafedranın ikinci mərtəbəsinin muzey olduğunu deyir. İlk olaraq Eybəcərliklər muzeyinə baş çəkirik. Burada eybəcər, qüsurlu doğulan uşaqların, siam əkizlərinin meyitləri saxlanılır (Malinovskinin külü də burdadır). B.Hüseynov xatırladır ki, Şəhidlər xiyabanının yerləşdiyi ərazi vaxtilə qəbiristanlıq idi. Həmin qəbiristanlığı dağıdıb yerində park salarkən Malinovskinin meyiti çıxarılır, sümükləri yandırlaraq külü qutuya qoyulur. Malinovski sağ ikən böyrəyinin birində şiş olub. Əməliyyat zamanı onun digər böyrəyinin anadangəlmə inkişafdan qaldığı məlum olur. Həmin böyrəklər də muzeydə eksponat kimi nümayiş olunur. Kül 1926-cı ildən buradadır. İki ildən bir bütün eskponatların suyu dəyişdirilir və içərisinə baxılır. Yeri gəlmişkən, bir insanın külünün çəkisi 800-1000 qr arasında olur.

 

“Təpəgöz”

1990-cı illərdə eksponatların bir hissəsi korlanıb. Lakin sonradan bərpa olunaraq yeniləri ilə zənginləşib. Muzeydə nümayiş olunan "eybəcər" doğulmuş uşaqları müşahidə edirik. Burada anensefaliya, akraniya, el arasında su yığımı adlanan beyin hidropu və yırtığı, onurğanın arxadan yarığı, dovşandodaqlıq, qısacası eybəcər doğulmuş uşaqlar formalin dolu bankalarda saxlanılır. Muzeydə diqqətimi daha çox nağıllarda oxuduğumuz və bəzi mifik filmlərdə gördüyümüz “təpəgöz” çəkir. Yenidoğulmuş uşağın normadan çox inkişaf etmiş burnu və alnında tək gözü olub. Yaxud da siam əkizləri və ya inkişafdan qalmış bədən, baş və s. sırf onurğa sütunun bitişik olduğu körpələr barədə məlumat alırıq. Bu körpələr 2007-ci ildə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) vərəm xəstəliyindən əziyyət çəkənlərin doğuş şöbəsində anadan olublar. Vərəm və başqa xəstəliyin təsiri nəticəsində belə eybəcərliklər əmələ gəlib. Rentgen edildikdən sonra uşaqların onurğa sütununun bitişik olduğu məlum olub.

Muzeydə saxlanan digər bir eksponat da diqqətimizi çəkir. Bu, sanki əllərini yumub diz üstə çökərək dua edən körpədir. Körpə doğularkən ölüb və bu vaxt sanki Allahdan imdad diləyirmiş...

 

Embrion və döllərdən ibarət kolleksiya

Bundan sonra Daxili orqanlar muzeyinə keçirik. Meyitlərdən çıxarılan ürəklərin dərmanda saxlanılmış forması, yenidoğulmuşun ürəyi və digər daxili orqanlar. Nazik bağırsağın hava vurularaq eksponat halına gətirilməsi üçün şişirilmiş formasını görüb təəccübümüzü gizlədə bilmirik. Burada 380-ə qədər preparat var. Bir-iki aylığından başlamış 7-8 aya qədər insan embrionu və döllərin yaş preparatlarının kolleksiyası var.

Şüşədəki eksponatların dərmanı ildə bir dəfə dəyişilir. Rəngi saralmış formalin yenisi ilə əvəz edilir.

 

Balakişi Hüseynov deyir ki, meyitlərlə işləyən tələbələr arasında halı pisləşənə rast gəlməyib: "Sadəcə ilk vaxtlar bəziləri özlərini pis hiss edə bilərlər. Belə olanda da onlara hava almalarını məsləhət görürük. Yaxud da bir müddət ət yeməklərindən imtina halları olur. Mən özüm də bu halları yaşamışam. Yeni meyitlərdən fərqli olaraq içi formalinlə doldurulan meyitlər çox da qorxulu olmur. Çünki bədən təbii formasını dəyişir. Meyitlər ya 48 saatdan sonra, ya da bir həftədən sonra kafedramıza gətirilir. Bir meyit hissə-hissə, yaxud da bütöv şəkildə kəsilərək yarıla bilər. Çünki hissə-hissə kəsilib müayinə ediləndə onun daşınması daha rahat olur. Adətən, meyitin tam formada üzərində tədqiqat aparılmasını təmin edirik, ya əzələ, ya da damar preparatları hazırlayırıq. Əzələ preparatı hazırlayarkən dərinə getmirik, ancaq damarı çıxarmaq üçün meyiti parçalamalı oluruq. Meyiti işlər tam yekunlaşdıqdan sonra tədqiqat üçün yararsız olduqda yandırırıq. Uzun müddətdir meyitləri hissə-hissə kəsmirik". 

 

Üst-üstə yığılmış meyitlər

Hazırda kafedranın morqunda bir neçə meyit var. Meyitlər formalin məhlulunda böyük vannaların içərisində saxlanılır. Aşağı zirzəmiyə - morqa endikcə xüsusi fenol məhlulunun iyi daha da kəskinləşir. Meyitlərə formalin məhlulu vurulduğundan onda çürümə prosesi getmir, sadəcə qaralır. Morqda iki ayrı otaqlarda meyitlərin yarılması üçün dəmir masalar var. Meyitin altına heç bir parça sərilmir, çünki iş bitdikdən sonra yuyulması üçün bu hal məqsədəuyğundur. 

Otaqların birində meyitlərin saxlanılması üçün vannalar var. Bizə bələdçilik edən professor qarşımıza çıxan ilk vannanın üstündəki taxta parçasını götürərək içəridə üst-üstə yığılmış yenidoğulmuşları göstərir. Onların əksəriyyəti artıq kəsilərək üzərlərində elmi işləri aparılmış formada idi. Digər otaqdakı vannada isə təxminən 5-6 meyit üst-üstə qoyulmuşdu. Bunların dərisi hələ soyulmayıb və sonuncu meyit ötən ilin yanvar ayında gətirilib. Müsahibimiz formalini əvvəllər Sumqayıtdakı zavoddan aldıqlarını deyir. Sonra həmin müəssisədə bu məhlulun istehsalı dayandığından hazırda formalini İrandan alırlar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı