AZ RU EN
Həkimlərimizlə müsahibələr
12.05.2017
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Təcili Yardım Şöbəsinin böyük tibb bacısı İradə Hacıyeva: “Gecə saat 12-də qəbiristanlığa çağırış vermişdilər”

REPORT.AZ/ “Tanrının ən dəyərli hədiyyəsi olan həyat çox vaxt tibb bacısının əllərinə həvalə olunur”. Bu deyim məhz 12 may - Ümumdünya Tibb bacıları Gününün səbəbkarı Florens Naytingeylə məxsusdur. Mayın 12-si Florens Naytingeylin doğum günüdür. Məhz hər il dünyada da bu şəxsin doğum günü Tibb bacısı Günü olaraq qeyd edilir.

“Report” tibb bacılarının peşə bayramı ərəfəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Təcili Yardım Şöbəsinin böyük tibb bacısı İradə Hacıyeva söhbətləşib. 27 illik təcrübəsinə əsaslanaraq peşəsinin çətinliyindən danışan müsahibim bununla öz sənətini çox sevdiyini, hətta bu işin vurğunu olduğunu gizlətmir.

 

Uşaqlıq arzusu

İ.Hacıyeva deyir bəzi insanlar anadan olandan hansısa peşənin sahibi olmaq istəyir: "Mən əvvəldən bu sahədə çalışacağımı sanki hiss etdirdim. Uşaqlıqdan hər kəsi yalandan da olsa müalicə etməyə, iynə vurmağa çalışırdım. İndi isə həvəslə işə gedirəm. Ümumiyyətlə, işinə həvəslə gedən, daha sonra eyni istəklə evinə qayıdan insan xoşbəxtdir. Yəqin ki, mən də həmin xoşbəxt insanlardanam. Uşaq vaxtı anamla poliklinikaya gedəndə həkimlərin iynə vurduğunu, sistem köçürdüyünü görürdüm. Ancaq hər sənətdə olduğu ki, bu peşənin də öz xüsusiyyətləri var. Bəzən insan öz ayağı ilə xəstəxanaya gəlir, ancaq birdən-birə ürəyi dayanır. Bu zaman da istər-istəməz həyəcan keçirirsən və həmin insanı yenidən dünyaya qaytarmağa çalışırsan. Çünki xəstənin qapının arxasında gözləyən yaxınları, qohumları səndən müsbət cavab gözləyir".

Tibb bacısı öz peşəsini mütləq sevməlidir

Onun sözlərinə görə, tibb bacısı öz peşəsini mütləq sevməlidir: "Düzdür, məcburiyyət qarşılığında işlədiyin bəzi peşələr var. Ancaq tibbi bacısı sənəti istisna təşkil edir. Çünki bu iş mütləq sevilərək görülməlidir. Mən uşaq vaxtı bu sahəni başqa cür təsəvvür edirdim. Amma bu gün real həyatdakı tibb bacısı işini icra edirəm. Təbii ki, bu işin də öz çətinlikləri olur. Çünki bəzən çağırışa getdiyin insanın dünyasını dəyişdiyi vaxtlar olur. Uşaqların valideynlərinin tibb bacısı vəzifəsinə fərqli yanaşmalarını istərdim. Çünki valideynlər uşaqlarını məhz həkimlərlə qorxudurlar. Ona görə də uşaqlar həkimə gələndə daim qorxu içərisində olur. Bu, düzgün deyil. Uşaqlıqdan onu həkim, tibb bacısı anlayışlarına düzgün alışdırmaq lazımdır. Mən uşaqlıqdan tibb sahəsinin içərisində olan ailədə böyümüşəm. Anam da tibb bacısıdır. Qohumlarım arasında da tibb sahəsində kifayət qədər çalışan insanlar var. Uşaqlıqda anamla onun iş yerinə çox getmişəm. Yəqin həmin dövrdən bu sahəyə marağım yaranıb”.

Axı hansı insan kiminsə ölməsini istəyər?!

İ.Hacıyeva deyir ki, həkimlə tibb bacısının işinin özünəməxsus çətinliyi var: “Çünki həkimə xəstəyə düzgün diaqnoz qoymaqla bağlı böyük yük düşür. Əgər səhv diaqnoz qoyulsa, onda xəstəni sağaltmaq olmaz. Bizim işimiz də çox çətindir. Təsəvvür edin danışa bilməyən xəstəyə diaqnoz qoymaq necə də çətin işdir. Təcili yardım həkimi xəstəyə baxaraq ona nə olduğunu və necə yardım göstərilməli olduğunu bilməlidir. Tibb bacısı da həkimin baxışından ondan nə istənildiyini anlamalıdır. Biz də komanda şəklində xəstəni çətin vəziyyətdən tez çıxarmağa çalışırıq. Təəssüf ki, xəstəyə nəsə olanda tez həkimin üstünə düşürlər. Axı hansı insan kiminsə ölməsini istəyər?! Əksinə, həkimlər insanların tez sağalması üçün əlimizdən gələni edirik. Alın yazısı deyilən bir şey də var. Bizim işimizin çətin tərəfi budur. Amma öz işini bilən insanın işində elə də çətinlik olmaz". 

Xalq rəssamı Tahir Salahovun evinə çağırış

"Biz həm çağırışa gedirik, həm də ağır xəstələri klinikaya gətiririk. Yaxud da başqa klinikaya gedib ağır ürək xəstəsini bura gətiririk. Hətta təcili yardım maşınında da ürək dayanması faktı da qeydə alınır. Təbii ki, çalışdığım müddətdə tanınmış şəxslərin də çağırışlarına getmişəm. Hətta onlarla şəkil çəkib xatirə saxladıqlarım da var. Məsələn, tanınmış xalq rəssamı Tahir Salahovun evinə çağırışa getmişdik. Hamımız da onunla şəkil çəkdirib can sağlığı arzulamışdıq”, - o deyib.

Ətirdən çox istifadə etməsi şikayətə səbəb olub

Müsahibim işlədiyi 27 il ərzində yalnız bir xəstənin ondan şkayət etdiyini söyləyib: “Bir neçə il əvvəl pediatriya sahəsində çalışanda bir uşağın anası məndən ətir iyi gəldiyini əsas gətirərək baş həkimə şikayət etmişdi. Həmin vaxtlar gənc olduğumdan hər yarım saatdan bir ətir vurduğumun fərqinə varmırdım. Lakin indi şikayətçiyə haqq qazandırıram. Çünki bu işdə, xüsusilə də pediatriya sahəsində ətirdən çox istifadə etmək olmaz. Çünki uşaqlar qoxulara qarşı həssas olur, hətta allergiyası ola bilər. Baş həkim də məni yanına çağırıb ətirdən az istifadə etməyimi məsləhət gördü. Bu günə qədər işimlə bağlı heç bir cəza almamışam. Əksinə, çox sayda mükafatlarım var. Bu günə qədər də oxumağı xoşlayıram. Hər gün yeni nəsə öyrənməyə çalışıram. Kimsə mənə tiblə bağlı sual versə, bu barədə məlumatım yoxdur deməyə utanaram".

Qəbiristanlıqdan gecə saatlarında gələn çağırış

İ.Hacıyeva çalışdığı illər ərzində bir çox yaddaqalan hadisələrlə qarşılaşdığını da xatırladıb: “Maraqlısı burasındadır ki, özəl klinikada işləyəndə çağırış gəldi, iki dəqiqə ərzində də çağırış məntəqəsinə getməliydik. Ünvan isə birbaşa maşına gəlirdi. Sürücü hara gedəcəyimi soruşanda "qəbiristanlığa" cavabını verdim. Saat gecə 11-12 raddələri olardı. Mən də bəlkə ünvanı səhv verdiklərini düşündüm. Axı bizi qəbiristanlığa kim çağıra bilər? Ünvanı dəqiqləşdirmək məqsədilə yenidən zəng etdim. Daha sonra dünyasını dəyişən şəxsin anasının evdən icazəsiz çıxıb qəbiristanlığa getdiyi və halının pisləşdiyi məlum oldu. Həmin qadına ilkin tibbi yardım göstərib klinikaya gətirdik”.

Yalnız özləri özlərini təbrik etdiyi gün

Müsahibim 12 may - Tibb bacısı Günündə yalnız tibb bacıları bir-birilərini təbrik etdiklərini deyir: "Çünki insanların əksəriyyəti belə bir günün olmasından xəbərsizdirlər. Bu il stəkanın üzərində ən yaxşı tibb bacısı yazılacağına və bunu mənə hədiyyə edəcəklərinə söz veriblər. Mən də bunu gözləyirəm. 

İş vaxtının səhər saat 9-da başlayıb günorta saat 4-də bitdiyinə diqqət çəkən səhiyyə işçisi hər kəsin öz qohum-tanışına yardım göstərdiyini qeyd edib: “Hansısa bir şəxsin işdən sonra əlavə qazanc mənbəyi kimi tibb bacılığı peşəsindən istifadə etməsi alqışlanmalıdır. Bu gün yataq xəstəsi olan insanlar var və tibb bacısı da işdən sonra öz işini görərək haqqını alır. Çünki tibb sahəsində çalışanların məvacibləri azdır. Heç kimin maaşının onu qane etdiyini deyə biləcəyini düşünmürəm. Hansısa bir insan maaşı nə qədər çox alsa da, yenə də az olduğunu deyəcək. El arasında belə bir deyim var: "Xəstələrə qulluq edən tibb bacılarına hörmət etməsən, can yandırmaz". Bu da insandan asılıdır. Məsələn, mən xəstədən qəti şəkildə pul götürmürəm. Təbii ki, hər tibb bacısı belə düşünmür. Bu gün rüşvət alan həkimlər, hakimlər var. 

Adətən, tibb sahəsi üzrə daha çox işləyənlər qadınlardır. Ona görə də bu sahədə gecə növbəsi məsələsi də olur. Tibbə gələn insan bu sahənin bütün çətinliklərini gözə almalıdır. 

Xəstənin ürəyi dayandı...

O bildirir ki, tibb bacıları işlərinin öhdəsindən layiqincə gəlməyə çalışırlar: “Həkim nə qədər düz diaqnoz qoysa da, tibb bacısı onu düzgün yerinə yetirməsə, xəstənin sağalması çətinləşəcək. Tibb bacısı da xəstə ilə düzgün şəkildə ünsiyyət qurmalı, ilk növbədə psixoloq olmalıdır. Çünki xəstə hər tibb bacısına inanmır.

Bu günə qədər işimlə əlaqədar ağladığım hal olmayıb. Sadəcə bu gün mənim günüm olmadığını düşünmüşəm. Bu da hər peşədə ola bilər.

Bir dəfə təcili yardım maşını ilə hansısa rayona ürək çatışmazlığı olan xəstə aparırıq. Həkim hər zaman qabaqda, tibb bacısı isə arxada daim xəstənin yanında olur. Birdən xəstənin ürəyi dayandı. Bu da gənc yaşlarıma təsadüf edir. Dərhal qabaq oturacağın pəncərisini döyərək həkimə xəstənin vəziyyətinin çox pis olduğunu söylədim. Həkim həyəcanımı görüb mənə "sən özünü belə aparsan biz xəstəyə kömək edə bilmərik" dedi. Sən özünü ələ al, çünki sənə nəsə deyəcəm, o da sənə çatmayacaq və biz vaxt itirmiş olacağıq. Nəticədə xəstəyə kömək edib onu həyata qaytara bildik.

Anamın barmağını tikdim

Öz yaxınlarına kömək edəndə həyəcanlı olmaq və ya özümüzü itirmək halları da fərqli olur. Məsələn, keçən yay evə isti təndir çörəyi almışam. Anamın da şəkəri var. Çörəyin bir hissəsindən kəsib ona verməyim üçün əlini uzatdı. Mən də bilmədən onun barmağını dərin kəsmişəm. Qanın çox axmaması üçün barmağını sıxıb saxlamağı məsləhət bildim. Ancaq buraxdıqdan sonra barmağının sallandığını gördüm. Oğlumdan anamın barmağına tikiş qoymaq üçün kömək etməsini istədim. Anam da soruşur ki, "sən tikəcəksən?" Mən də "hə" dedim. Çünki onu həkimə aparana kimi çoxlu qan itirə bilərdi. Onun barmağını tikdim, sarğı qoydum və sakitləşdi. Lakin bir dəfə evə gələndə oğlumun boynunun çöldə oynayarkən axşam vaxtı paltar asılan dəmir məftilə keçib kəsildiyini gördüm. Əvvəlcə ağlıma boyundakı yuxu arteriyasının kəsilməsi gəldi. Həmin vaxt özümdən getmişəm. Anamın kəsilən barmağını tiksəm də, öz oğlumun halına dözə bilmədim.

Oğlumla işimlə bağlı heç bir narahatlıq yaranmayıb. 17 yaşı var və tibb sahəsinə gəlmək istəyirdi, ancaq icazə vermədim. Boyu 196 sm olduğuna görə basketbola gedir. Çünki bu peşəni istəyir, amma sevmir. Ona görə də icazə vermədim". 

Söhbətimizdən sonra Klinikanın Təcili Yardım şöbəsi ilə tanış oluruq. İradə Hacıyeva bizə ilkin yardım otağı haqqında məlumat verir: "Xəstə ilk olaraq təcili yardım maşını ilə bu otağa gətirilir. Burada xəstəyə ilkin tibbi yardım göstərilir. İlkin yardım üçün bütün ləvazimatlar var. Otaqda həmçinin doğuş üçün də şərait var. Xəstə səhhətinə görə ya palataya, ya da reanimasiya şöbəsinə aparılır. Təcili yardıma ən çox ürək xəstəliyi ilə bağlı müraciətlər olur. Çünki ürək xəstəlikləri bu gün çox cavanlaşıb. Adətən, müraciətlər arasında 30-70 yaş arası olan insanlar yer alır. Müraciətlər arasında çox az hallarda ölüm halı qeydə alınır. Eyni zamanda, şöbədə təmiz və çirkli sarğı otaqları var. Əgər tikişə ehtiyac varsa, həmin xəstə sırf təmiz sarğı otağına gətirilir. Barmaq kəsilməsi, yaxud da yaraların üzəri açıq olarsa, xəstələr çirkli sarğı otağına aparılır. İş vaxtı bitəndən sonra bütün alətlər yuyularaq sterilizasiya olunur". 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı