AZ RU EN
Həkimlərimizlə müsahibələr
27.04.2017
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov: “Özbaşına dərman qəbul etmək gözə ziyan verə bilər”

Adətən fəsil dəyişikliyi zamanı gözdə qaşınma olur, bəzən sulanmalar müşahidə olunur. Bu, allergiyadır, yoxsa gözlə bağlı digər problem? İnsanın ən vacib orqanlarından biri olan gözlərlə bağlı nələrə diqqət verməli, ehtiyatlı olmalıyıq? Bu və digər sualları Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov cavablandırır.

-Fəsil dəyişən zaman əksər insanlarda gözlə bağlı xırda problemlər yaranır. Bunun səbəbi nədir?

-Fəsil dəyişikliyi ilə əlaqədar olaraq gözdə baş verən sulanma və bu kimi şikayətlər adətən “allergik konyuktivit” 
adlandırdığımız göz xəstəliyi ilə əlaqədar olur. Adətən hər dəfə fəsillər dəyişərkən və ya bitkilərin tozlanma zamanı xəstələr bu şikayətlərlə həkimə müraciət edirlər. Yazılan dərmanlar sadəcə xəstənin şikayətlərini azaldıb, narahatlığını müəyyən müddətliyə aradan qaldırır. Lakin bəzən xəstələr həkim məsləhəti olmadan özləri müxtəlif dərmanlardan istifadə edirlər. Bu isə xəstəliyə ziyan verə bilər. Ona görə də, belə hallarda həkim müayinəsindən keçdikdən sonra uyğun dərmanlardan istifadə etmək məsləhətdir.

-Bəzi insanlar qaş nahiyəsindəki ağrıların gözdən qaynaqlandığını düşünürlər. Bu, nə dərəcədə doğrudur?

-Qaş nahiyəsində olan ağrılar həm gözlə, həm də sinir sistemi ilə əlaqəli ola bilər. Dəqiq diaqnoz qoymaq üçün bu ağrıların vaxtı, müddəti, xarakterini nəzərə almaq, müayinədən sonra mənşəyini dəqiqləşdirmək olur.

-Son zamanlar ən çox hansı göz şikayətləri ilə bağlı müraciətlər edilir?

-Şikayətlər çoxşaxəlidir, səbəblər də müxtəlif. Allergik problemlərlə yanaşı, şəkər xəstələri, gözdaxili təzyiqi olanlar, refraksiya problemi olan keratokonus və s.kimi xəstəliklərlə müraciət edən xəstələr də kifayət qədər olur.

-Bu xəstəliklərdən hansılarına cərrahi müdaxilə olunub?

-Tibbdə, xüsusilə də oftalmologiyada cərrahi müdaxilə yalnız ehtiyac olduğu halda icra edilir. Əgər xəstənin sağalması üçün cərrahi müdaxilədən başqa müalicələr mövcuddursa, ilk olaraq onlar icra edilir. Ancaq gözdə elə xəstəliklər var ki, müalicəsi ancaq cərrahi yolla aparıla bilər. Həmçinin, bəzən xəstənin istəyini də nəzərə alaraq cərrahi müdaxilə məsləhət görülə bilir. Məsələn, eynək taxmaq istəməyən xəstələrə, müvafiq yoxlamadan sonra cərrahi müdaxilə məsləhət görülə bilər.
Katarakta, xalyazion, karatakonuson, vitrektomiya, çəpliyin korreksiyası, yas yolları əməliyyatı,qapaq plastikası, qapaqlarda olan xoş və bəd xassəli törəmələr,arqon lazer fotokoaqulyasiya, barier lazer fotokoaqulyasiya, YAG lazer, refraktiv əmliyyatlar son 1 il ərzində şöbəmizdə icra edilən əməliyyatlardan bəziləridir.

-Göz əməliyyatı icra edənlərin yaş həddi barədə nə demək olar? Artıq göz problemləri də cavanlaşıbmı?

-Göz əməliyyatlarının heç də hamısı yaşlı xəstələr üçün deyil. Katarakta - el arasında “mirvari suyu” kimi tanınan xəstəlik adətən yaşlılar arasında çox rast gəlinir. Ancaq yaşlılarda refraktiv korreksiya məqsədilə icra olunan eksimer lazer əməliyyatlarının sayı gənclərdə kifayət qədər azdır. Həmçinin, 35 yaşdan sonra irəliləməsi dayanan keratokonus xəstələrində «korneal kross linking” kimi əməliyyatlar icra olunmur. Yəni, əməliyyatın yaşlıya və cavan insana icrası xəstənin və xəstəliyin xarakterindən asılıdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı