AZ RU EN
Həkimlərimizlə müsahibələr
21.04.2017
Əlihüseyn Hidayətov: “Mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə sinir sistemi pozğunluqlarına çox rast gəlinir”

Əlihüseyn Hidayətov: “Mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə sinir sistemi pozğunluqlarına çox rast gəlinir”

Mədə xəstəliklərinin müasir diqanostikasında Helicobacter pylori törədicisinin kəşfini zəruri edən səbəblər və bu xəstəliyi yaradan amillərlə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının qastroenteroloqu professor Əlihüseyn Hidayətov danışır.

-Professor, Helicobacter pylori törədicisinin kəşfindən əvvəl mədə xəstəliklərinin diaqnostikasında hansı müayinə üsulları istifadə edilirdi və nə dərəcədə effektiv sayılırdı. Helicobacter pylori amilinin xəstələrdə zəruri edən səbəblər nədir?

-Mədə xəstəliklərinin diaqnostikasında H.pylori kəşfindən əvvəl də və hal-hazırda da ən dəqiq metod endoskopik metoddur, çünki, bu müayinə zamanı müayinə edilən orqanların vəziyyəti dəqiq qiymənləndirilə bilinir və ehtiyac olduqda müayinə zamanı selikli qişadan bir hissəcik götürülərək histoloji müayinə aparılır, beləliklə dəqiq diaqnoz qoyula bilinir. Helicobacetr pylorinin kəşfi (1983-cü il) və sonrakı tədqiqatlar göstərdi ki, bu mikrob mədədə yerləşir və xroniki qastrit, xora xəstəliyi, mədə xərçəngi kimi xəstəliklərin əmələ gəlməsində ən əsas amildir. Ona görə də mədə və on ikibarmaq bağırsaq xəstəliklərinin müalicəsini aparmaq üçün H.pylorini amilinin təyin edilməsi mütləq göstərişdir. Bu mikrob müəyyən edildiyi halda mütləq yox edilməlidir. Helicobacter pylori qanda, mədədən götürülmüş hissəcikdə, nəcisdə və tənəffüs testi vasitəsilə təyin oluna bilər.

-Mədə-bağırsaq xəstəliyi irsi keçirmi?

-Mədə-bağırsaq xəstəliklərinin əksəriyyətində irsi meyilliyin əhəmiyyəti vardır. Yaxınlarında mədə, on ikibarmaq bağırsağın xora xəstəliyi, mədə xərçəngi olanlar 35-40 yaşdan sonra profilaktika məqsədi ilə yoxlamalardan keçməlidirlər. Valideynlərində mədə xərçəngi olanlar mütləq Helicobacter infeksiyasını yoxlamalı və müalicə olunmalıdırlar. Onu da qeyd edim ki, irsi meyillilik olanlarda xərçəngin inkişafı mütləq deyil. Risk amili nəzarət altında saxlanmalı, müntəzəm endoskopik müayinələrdən keçməlidir. Vaxtında yəni, xəstəliyin erkən dövründə diaqnoz qoyulduqda xəstəliyin qarşısını almaq olar.

-Nevroloji problemlər həzm sistemində xəstəliklərə səbəb olurmu?

-Bəli, çünki, mədə-bağırsaq sistemi ilə sinir sistemi baş beyin arasında çox sıx əlaqə vardır. Sinir pozğunluqlarının mədə-bağırsaq sisteminin funksional xəstəliklərinin əmələ gəlməsində rolu danılmazdır. Eyni zamanda mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə sinir sistemi pozğunluqlarına çox rast gəlinir.

-Bağırsağın hər gün yuyulması nə dərəcədə düzgündür?

-Müasir dövrdə insanın normal fəaliyyətinin tənzimlənməsində onun mədə-bağırsaq traktında yerləşən mikroorqanizmlərin fövqəladə rolunun böyük olduğu sübut edilmişdir. Bu mikrobların əksəriyyəti (sayı yüz milyardlara çatan) yoğun bağırsaqda yerləşir. Bağırsağın bəzi xəstəliklərində, xüsusilə ciddi qəbizliklə müşahidə olunan hallarda bağırsağın yuyulması həkim tövsiyəsi ilə oluna bilər, ancaq bu prosedurun hər gün təkrarlanması şübhəsiz bağırsaq mikroflorasını və bütün orqanizmə çox ciddi ziyan verər.

-Düzgün qidalanmamaq mədədə hansı problemlərə yol aça bilər?

-Ümumilikdə həzm traktı orqanları, o cümlədən mədə xəstəliklərinin əmələ gəlməsində düzgün qidalanmanın təkcə mədə və digər həzm traktı orqanları üçün deyil, bütün orqanizmin sağlam olmasında böyük rolu vardır. 
Qəbul edilən qidalar həzm traktı orqanlarına daxil olduqdan sonra ardıcıl olaraq həzm olunur və sonra qidalı maddələr nazik bağırsağın divarlarındakı xovlardan qana və limfaya sorularaq bütün orqanların fəaliyyətini təmin edirlər. Qeyri-müntəzəm qida qəbulu, həddindən artıq qida qəbulu və ya qida qəbulu arasında fasilələrin uzun olması, tələsik qida qəbulu, rasionda meyvə tərəvəzdən istifadə olunmaması kimi hallar olduqda ilk növbədə mədə-bağırsaq sistemi zədələnir. 
Təbii ki, bu zədələnmələr nəticəsində lazımi qida maddələri orqanlara çatdırıla bilmir. Beləliklə, orqanizmin bütün sistemlərində pozğunluqlar və xəstəliklər əmələ gələ bilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı