AZ RU EN
Həkimlərimizlə müsahibələr
06.03.2017
Ağciyər xəstəlikləri tibbin qlobal problemlərindən biridir.

Mövzu ilə bağlı sualları Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru R. İ. Bayramov cavablandırır.
-Hazırda dünyada və Azərbaycanda ağciyər xəstəlikləri nə dərəcədə yayılıb? Ağciyər xəstəlikləri arasinda ən geniş yayılanı hansıdır?
-Ağciyər xəstəlikləri həm dünyada, həm də Azərbaycanda tibbin aktual problemlərindən biridir. Ümumiyyətlə, bronx ağciyər xəstəlikləri 800-ə yaxın olub, 4 qrupa bölünür;1-qeyri spesifik iltihabi xəstəlikləri, 2-spesifik xəstəlikləri, 3-xoş və bəd xassəli şişləri, 4-anadangəlmə anomaliyalar və peşə xəstəlikləri. Həm dünyada, həm də Azərbaycanda bu patologiyalar içərisində bronx ağciyər aparatının iltihabi xəstəlikləri daha çox yayılmışdır. Xüsusilə, vərəm dünyada qlobal problem olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşıya prioritet məsələ kimi qoyduğu 3 yoluxucu xəstəlikdən biridir. Belə ki, statistikaya görə dünya əhalisinin 1/3-i vərəm mikobakteriyaları ilə yoluxmuşdur və hər il dünyada 10 milyonadək insan vərəmlə xəstələnir ki, onların da 3 milyonu bu xəstəlikdən dünyasını dəyişir. Yəni, hər 10 saniyədən bir 1 nəfər dünyada vərəm xəstəliyindən ölür. Dünyada vərəm xəstəliyinin yayılma göstəricilərinə nəzər saldıqda onu da qeyd etmək lazımdır ki, bu rəqəmlər daha çox inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrin hesabınadır.
- Azərbaycanda vərəm xəstəliyi ilə bağlı vəziyyət necədir? Bu xəstəlik hansı hallarda müalicəyə tabe olmur?
- Qeyd etmək lazımdır ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da vərəmə görə statistik rəqəmlər reallığı tam əks etdirmir. Çünki bu xəstələrin bir qrupu vərəm əleyhinə müəssisələrdə dispanser qeydiyyata düşmədən, anonim müalicəyə üstünlük verirlər ki, ətrafdakılar, qohum və tanışları onun vərəm xəstəsi olmasını bilməsinlər. Artıq bir neçə ildir ki, bu halların qarşısını almaq məqsədilə vərəm əleyhinə preparatların apteklərdə satışı qadağan olunub. Ümumiyyətlə Azərbaycanda hal-hazırda vərəmlə mübarızə tədbirlərini qənaətbəxş hesab etmək olar. Belə ki, Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrası və Elmi-Tədqiqat Ağciyər xəstəlikləri institutu başda olmaqla Respublikamızın paytaxtı və ayrı-ayrı rayonlarında yerləşən vərəm əleyhinə dispanserlərdə yüksək ixtisaslı kadrlar əhaliyə keyfiyyətli ftiziatrik xidmət göstərir. Dövlətin də bu xəstələrə qarşı xüsusi diqqət və qayğısı var. Bunun bariz göstəricisi kimi onu qeyd edə bilərəm ki, hazırda Azərbaycanda vərəm əleyhinə dispanserlər keyfiyyətli təmir olunaraq yeni və müasir tibbi avadanlıqlarla təchiz olunur, dispanser qeydiyyatda olan vərəm xəstələrinin hamısı bütün vərəm əleyhinə preparatlarla fasiləsiz olaraq pulsuz təmin olunurlar. Bütün görülən bu tədbirlər vərəmlə yoluxma və xəstələnmə hallarının ilbəil azalmasına səbəb olur. Ancaq bu arxayınlaşmaya səbəb olmamalı, vərəmlə mübarizə daim prioritet olmalıdır.
Vərəmin müalicəsinə gəldikdə isə onu qeyd etmək istəyirəm ki, vərəm xəstəliyi tam müalicə olunan xəstəlikdir. Doğrudur vərəm nə qədər erkən aşkar olunsa və fasiləsiz, kompleks müalicə olunarsa sağalma göstəriciləri də bir o qədər yüksək olar. Vərəmin müalicəsi uzunmüddətli olub, ən məhdud vərəm prosesində belə, 6-9 aydan az olmamalıdır. Bəzən xəstələr düzgün müalicə aparıldıqdan qısa müddət sonra xəstəliyin kliniki əlamətləri azaldığına, bəzi hallarda isə vərəm əleyhinə dərmanların əlavə təsirləri olduğuna görə müalicəni yarımçıq dayandırırlar. Təkrarlanan belə hallar ağciyərlərdə geri dönməyən dəyişikliklərin yaranması ilə yanaşı vərəm əleyhinə dərmanlara qarşı rezistentliyin formalaşmasına səbəb olur ki, bu da müalicəni çox çətinləşdirir.
-Hansı əlamətləri vərəmə görə həyəcan siqnalı kimi qəbul edərək mütləq həkimə müraciət etmək, müayinə olunmaq lazımdır?
-Ümumiyyətlə bronx ağciyər aparatının xəstəliklərinin yarıdan çoxunda ilk 6 ayda heç bir əlamət olmur. Əksər hallarda əsas fikir verilən öskürək isə ağciyər xəstəliklərinin bir çoxunda olmaya bilər. Vərəmin əlamətlərinə gəldikdə onu deyə bilərəm ki, vərəm üçün mütləq patoqnomonik əlamət yoxdur. Ancaq vərəm xəstəliyinin olmasına şübhə yaradan nisbi patoqnomonik əlamətlərdən - axşamüstü zəif subfebril hərarətin (37,2-37,4C) olması, ümumi zəiflik və halsızlıq əlamətlərinin qabarıq büruzə verməsi və gecənin ikinci yarısı-səhərə yaxın boyun, ənsə, çiyin nahiyyəsinin tərləməsi əlamətlərinin olmasına xüsusi diqqət yetirilməlidir. Bu əlamətlər olduqda vaxt itirmədən həkim-ftiziatra müraciət edib müayinə olunmaq lazımdır. Bunlardan başqa həm də 3 həftədən çox öskürək, arıqlama olarsa və aparılan qeyri spesifik antibiotikoterapiya effekt vermədikdə ftiziatra müraciət etmək lazımdır.
-Vərəmdən qorunmaq üçün hansı profilaktik tədbirlər görmək lazımdır?
-Vərəmlə xəstələnməyə görə risk qrupunda olan insanlar olsa da, hər kəs vərəmlə xəstələnə bilər. Əbəs yerə deyildir ki, ftiziatriya sahəsindəki dahi mütəxəssislərdən birinin sözü ilə desək, vərəm elə xəstəlikdir ki, heç vaxt əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Buna görə də vərəmlə xəstələnməmək üçün hər kəs profilaktik tədbirlərə əməl etməlidir. Bu tədbirlər içərisində orqanizmin immun qabiliyyətinin möhkəmləndirilməsi üçün görülən tədbirlər - düzgün gün rejimi, normal qidalanma, idmanla məşğul olmaq, siqaret və spirtli içki qəbulundan imtina etməklə yanaşı, ildə bir dəfə vərəmə görə profilaktik müayinədən keçmək (uşaqlarda Mantu sınağı, böyüklərdə isə flüoroqrafiya və ya rentgenoqrafiya) lazımdır.
-Lazımi müalicə olunmamış qrip, soyuqdəymə sonradan ağciyərlər üçün hansı fəsadları törədə bilər?
-Tənəffüs sisteminin bütün iltihabi xəstəlikləri erkən, düzgün və tam müalicə olunmazsa bir sira fəsadlara səbəb ola bilər ki, bunlardan da ən çox müşahidə olunanı patoloji prosesin yayılması, residivi, xroniki gedişi və qanhayxırma, tənəffüs çatışmazlığı kimi ağırlaşmaların olmasıdır.
-Bəzən öskürəkdən əziyyət çəkən insanlar həkimə müraciət etmədən özləri antibiotik qəbul edirlər. Bu, orqanizm üçün zərərlidirmi?
-Ümumiyyətlə, nəinki antibiotik, heç bir dərman preparatını həkim-mütəxəssisin təyinatı olmadan qəbul etmək düzgün deyil. Çünki hər bir dərmanın optimal dozası, əlavə təsirləri var. Nizami Gəncəvi söyləmişdir ki, bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o, da. Öskürək zamanı istifadə olunan dərmanlara gəldikdə isə, sualınızla bağlı birbaşa onu demək istıyirəm ki, ilk olaraq öskürəyin səbəbi bilinməli və ona qarşı müalicə aparılmalıdır. Bəzi hallarda öskürək zamanı antibiotikin istifadəsi doğru deyil. Məsələn, bronx ağciyər aparatının allergik xəstəliklərində. Antibiotiklərin lazım gəldi-gəlmədi istifadəsi isə immunosupressiya, disbakterioz, o, cümlədən bir sıra orqan və sistemlərə toksiki təsir nəticəsində baş verən əlavə təsirlərin yaranmasına səbəb ola bilər.
-Azərbaycan Tibb Universitetində ağciyər xəstəliklərinin müayinə və müalicəsi sahəsində hansı yeniliklər, nailiyyətlər var?
-Azərbaycan Tibb Universitetinin bir neçə kafedrasının əməkdaşları ağciyər xəstəliklərinin müayinəsi, konservativ və cərrahi müalicəsi ilə məşğul olur. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Universitet klinikalarının fəaliyyət göstərməsi tibbin bütün sahələri kimi, ağciyər patologiyaları olan xəstələrə də yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Mən işlədiyim Ağciyər xəstəlikləri kafedrasına gəldikdə isə, digər ağciyər patologiyaları ilə yanaşı əsasən vərəmin müayinə və müalicəsi ilə məşğul olan əməkdaşlarımız elmi tədqiqat işləri aparır, daim öz bilik və bacarıqlarını artırmaq məqsədilə yerli və ölkə xaricində olan elmi praktiki konfranslarda iştirak edir, elmi yenilikləri öyrənərək öz praktiki fəaliyyətlərində tətbiq edirlər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı