AZ RU EN
Həkimlərimizlə müsahibələr
05.03.2017
"Böyüklərdən fərqli olaraq tənəffüs sisteminin hətta ən yüngül xəstəliyi belə, uşaqlara daha çox əziyyət verir"

Son zamanlar Azərbaycanda uşaqlar arasında soyuqdəymə və infeksion xəstəliklər geniş yayılmaqdadır. Bu xəstəliklərin ilkin əlamətləri nədir? Uşaqları bu xəstəliklərdən necə qorumaq olar? Soyuqdəymə zamanı azyaşlıları evdə, həkim nəzarəti olmadan müalicə etmək nə dərəcədə düzgündür?
Bu və digər suallarımızı ATU-nun Terapevtik və pediatrik propedevtika kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, pediatr Mədinə Hacıyevaya ünvanladıq.
- Mədinə xanım, son vaxtlar uşaqlar arasında qripəbənzər xəstəlik yayılıb. Əsasən qızdırma ilə başlayır, sonra isə öskürəyə keçir. Lakin burunaxma, asqırma kimi əlamətlər olmur. Bu, qrip xəstəliyi hesab olunurmu? 
- Ümumiyyətlə, yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri el arasında həmişə qrip adlandırılıb. Əslində bu xəstəlikləri müxtəlif viruslar, nadir hallarda isə bakteriyalar törədir. Törədicidən asılı olaraq xəstəliyin əlamətləri də fərqli ola bilər. Qızdırma infeksion amilə qarşı orqanizmin normal cavab reaksiyasıdır. Burunaxma və asqırma əmələgətirmə tənəffüs yollarının infeksiyasını törədən bütün viruslara mütləq şəkildə xas deyil. Əlbəttə ki, bu, qrip xəstəliyi deyil. Lakin qeyd etməliyəm ki, heç qrip xəstəliyində də burundan ifrazat olmur. 
- Bu xəstəliyi törədən səbəblər hansılardır? Hansı əlamətlərə, simptomlara fikir vermək lazımdır? 
- Düzdür, hər bir xəstədə bəlğəmin bakterioloji analizini aparmaq mümkün olmadığına görə törədicini də təyin etmək olmur. Lakin, bəlğəmin müayinəsi zamanı daha çox mikoplazma infeksiyasına rast gəlinir. Bu infeksiyanın əsas əlamətlərindən biri tutmaşəkilli boğucu öskürək olduğuna görə çox vaxt xəstəliyi göyöskürəyə bənzədirlər. Və yaxud dəqiqləşdirilməmiş hər hansı bir virus da törədici ola bilər. Bəzi hallarda isə virus-bakterial mənşəli, yəni qarışıq törədici xəstəliyə səbəb olur.
- Bəzən valideynlər belə uşaqları heç həkimə aparmırlar və yalnız qızdırma salmaqla kifayətlənirlər. Bu halda ev şəraitində nə etmək lazımdır? 
- İstənilən halda həkimlə əlaqə saxlamaq lazımdır. Çünki son zamanlar atipik pnevmoniyalar geniş yayılmışdır ki, bunların da törədiciləri yuxarıda qeyd etdiyimiz xlamidiya, mikoplazma və virus ola bilər. Yalnız onu deyə bilərəm ki, həkimə gələnə qədər, əgər qızdırma çox yüksəkdirsə, parasetamol tərkibli dərman preparatlarından (şərbət, şam və ya həb şəklində) istifadə etmək olar. Əgər qızdırma ilə yanaşı bədəndə ağrı hissi də varsa, ibuprofen tərkibli preparatlar məsləhətdir. Digər dərman vasitələrini isə yalnız xəstəni hərtərəfli müayinə etdikdən sonra həkim təyin etməlidir. 
- Uşaqlar arasında angina xəstəliyinin çox yayılmasına səbəb nədir? Niyə həkimlər el arasında "boğaz əti" adlanan damaq badamcıqlarının əsasən cərrahi yolla müalicəsini məsləhət görürlər? 
- Damaq badamcıqlarının iltihabı tonzillit adlanır və bu xəstəlik həmişə aktual olub. Səbəbi orqanizmin immunitetinin zəifləməsi və təbii ki, mikrob amilidir. Əsasən bu xəstəliyi viruslar törədir; bakteriyalar arasında isə əsas törədici A qrup streptokokklar sayılır. Çox nadir hallarda isə digər mikroorqanizmlər xəstəliyə səbəb ola bilər. Tonzillit konservativ yolla, yəni dərman preparatlarının qəbulu və ya yerli olaraq təyini ilə müalicə olunmalıdır. Konservativ müalicə effekt vermirsə və ya xroniki vəziyyət formalaşıbsa, cərrahi müdaxiləyə ehtiyac olur ki, buna da həkim qərar verə bilər. Əgər xəstəlik sizin uşağınıza əziyyət verirsə və dərman müalicəsi heç bir effekt vermirsə deməli həkim tonzillektomiya (yəni damaq badamcıqlarının cərrahi yolla götürülməsi) qərarını düzgün vermişdir. 
- Ümumiyyətlə, sizə son zamanlar ən çox hansı xəstəliklərlə bağlı müraciət edirlər? 
- Daha çox pediatriyanın müxtəlif sahələri üzrə müraciətlər olur. Lakin müraciət edənlər arasında tənəffüs yollarının xəstəliklərinə daha çox rast gəlinir. Çünki böyüklərdən fərqli olaraq tənəffüs sisteminin hətta ən yüngül xəstəliyi belə, uşaqlara daha çox əziyyət verir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı