AZ RU EN
Həkimlərimizlə müsahibələr
03.03.2017
Oynaqlarınız ağrıyırsa...

Dünya əhalisinin təxminən 10 faizi revmatik xəstəliklərə tutulub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əmək qabiliyyətini müvəqqəti itirənlərin üçdə biri, əlillərin isə onda biri bu xəstəliklərdən əziyyət çəkir. Buna görə də revmatik xəstəliklərin profilaktikası, vaxtında aşkar olunması və müalicəsi mühüm vəzifədir.
Revmatik xəstəliklərin profilaktikası üçün hansı tədbirlər görülməlidir? Hansı əlamətlərdən şübhələnmək lazımdır, vaxtında müalicə üçün hansı addımlar atılmalıdır. Bu sualları tibb elmləri namizədi, daxili xəstəliklər kafedrasının dosenti "Biolab" 'tibb mərkəzinin baş həkimi Həsənağa Qənbərov cavablandırır. 
-Revmatik xəstəliklərin ilk əlamətləri hansılardır?
-Revmatik xəstəliklərin əksəriyyəti oynaq ağrıları ilə müşayiət olunur. Revmatizmdə (düzgün adı kəskin revmatik qızdırma) isə bu cür ağrılar uzun sürmür, heç bir iz qoymadan keçib gedir.
Xəstəlik streptokok infeksiyası orqanizmə keçəndən sonra temperaturun yüksəlməsi, ümumi zəiflik, böyük oynaqların simmetrik şişməsi, qızarması və şiddətli ağrısı ilə başlanır. Oynaq ağrıları xəstənin hərəkətini məhdudlaşdırsa da, ötəri xarakter daşıyır və bir-iki həftəyə keçib gedir. Lakin revmatizmin ürəkdə və digər orqanlarda törətdiyi patoloji proses hələ uzun müddət davam edir. Buna görə də xəstəxana şəraitində xüsusi müalicə olunmaq, sonra isə bir neçə il profilaktika tədbirləri həyata keçirmək lazımdır.
-Əhali arasında daha çox yayılmış revmatik xəstəlik hansıdır?
-Oynaqların ağrısı ilə müşayiət edilən ən geniş yayılmış revmatik xəstəlik artrozdur. Artroz və ya osteoartroz zamanı oynaqdaxili qığırdaqlarda degenerativ dəyişikliklər gedir və onların qidalanması pozulur. Nəticədə amortizator rolunu oynayan, hərəkət vaxtı oynağa düşən yükü azaldan qığırdaq tədricən itir və birləşdirici toxuma ilə əvəz olunur. Prosesin qarşısı alınmasa, oynaq səthinə düşən təzyiq artır, o, deformasiyaya uğrayır və kənarlarında sümük çıxıntıları inkişaf edir. 
Artroz xəstəliyi zamanı ən çox fəqərələr, bud-çanaq və diz oynaqları, əlin son barmaqları zədələnir.Oynaqlarda ağrılar hərəkət vaxtı meydana çıxır, günün axırında və soyuq havada şiddətlənir.
-Bəs artroz xəstəliyinin qarşısını necə almaq olar?
-Bunun üçün xəstəliyin əmələ gəlməsində böyük rol oynayan kökəlmə ilə gənc yaşlarından mübarizə aparmaq, ağır fiziki işdən, peşə, idman zədələnmələrindən qorunmaq lazımdır, əmək və istirahət düzgün növbələşdirilməlidir.
Artroz xəstəliyi başlamışsa, revmatoloqun nəzarəti altında ildə 1-2 dəfə müalicə kursu keçmək lazımdır. Oynaqlara düşən fiziki yükü xeyli artırmaq, çox gəzmək, uzun müddət ayaq üstə dayanmaq, ağırlıq qaldırmaq, qaçmaq və ritmik gimnastika ilə məşğul olmaq məsləhət görülmür. Əksinə, oynaqdaxili mübadiləni yaxşılaşdıran fizioterapevtik və su prosedurlarından istifadə etmək və müalicə bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. 
-Amma artrozla yanaşı, artrit xəstəliyini də adı çox çəkilir. Bunların fərqi nədir? 
-Oynaq xəstəlikləri arasında artrozlardan sonra ən geniş yayılanı revmatoidli artritdir. 20-50 yaşlı adamlarda təsadüf edilən bu xəstəlik xroniki xarakter daşıyır, əlilliyə səbəb ola bilər. Qadınlar həmin xəstəliyə kişilərə nisbətən 2-3 dəfə çox tutulurlar. 
Revmatoidli artrit zamanı oynaqların və birləşdirici toxumaya malik olan digər orqanların xroniki iltihabı baş verir. Xəstəlik əksər oynaqların simmetrik şişməsi, ağrısı, hərəkətin məhdudluğu, yüksək temperatur və ümumi zəiflik ilə başlayır. Ağrılar səhərlər çox olur, gün ərzində tədricən azalır.
İltihablı oynaqların üzərində dərinin rəngi dəyişmir, lakin həmin yerdə hərarətin yüksəldiyi hiss olunur. Ən çox əlin orta barmaqları və diz oynaqları zədələnir. Revmatoidli artrit xəstəliyi vaxtında və düzgün müalicə olunmadıqda, tədricən oynaqların deformasiyası, eybəcərləşməsi, tam hərəkətsizlik, xəstələrin daimi yatağa düşməsi ilə nəticələnir.
Məsələn, 23 yaşlı bir qız bizim klinikaya çox ağır vəziyyətdə gətirilmişdi, bütün oynaqlarında bərk ağrı, şişkinlik, hərəkət məhdudluğu vardı, temperaturu yüksəlmişdi. O,10 il idi xəstələnmişdi, son bir ildə demək olar yataqdan qalxmamışdı, hərəkət edə bilmirdi, çəkisi azalıb 35 kiolqrama enmişdi. Aparılan düzgün müalicədən cəmi bir həftə sonra xəstə gəzməyə başladı, ağrıları azaldı və üç həftə sonra o,evə yazıldı.
Buna görə də müalicənin səmərəsi onun tez və düzgün aparılmasından asılıdır. Bəzi xəstələr dostunun, qohumunun məsləhəti ilə ara-sıra ağrıkəsici dərmanlar qəbul edib, müxtəlif otları dəmləyib içir, beləlliklə guya müalicə olunurlar. Əslində isə vaxt itirib vəziyyətlərini daha da ağırlaşdırırlar.
Revmatoidli artrit xəstəliyinə tutulanlar həkim nəzarəti altında uzun müddət xüsusi dərmanlarla mwalicə olunmalıdırlar. Xəstəliyin kəskin dövrü keçdikdən sonra dərmanlarla yanaşı fiziki üsullar və kurort müalicəsi tövsiyə edilir. Ən çox palçıq, naftalan nefti və hidrogen-sulfidli sularla müalicə məqsədəuyğundur.
Təcrübə göstərir ki, kurort müalicəsi zamanı çox vaxt xəstələr dərmanlardan imtina edirlər. Bu isə xəstəliyin kəskinləşməsinə səbəb olur. Unutmaq olmaz ki, revmatoidli artritin kompleks müalicəsində dərmanlar əsas yer tutur. Xəstələr eyni zamanda müalicəvi bədən tərbiyəsi ilə müntəzəm məşğul olmalıdırlar.Qidalanma zamanı xörək duzundan az,meyvə-tərəvəz və zülallardan( ət,balıq,kəsmik) müntəzəm istifadə etmək lazımdır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı