ƏZİZ
DOSTLAR, HÖRMƏTLİ BƏŞƏR ÖVLADLARI!
Sizin hər birinizi Azərbaycanda tibb elminin, tibb təhsili sisteminin möhkəm bünövrəsini qoymuş, dünya tibb elminə görkəmli alimlər, səriştəli səhiyyə işçiləri bəxş etmiş, fəaliyyət göstərdiyi illərdə həm Azərbaycan Respublikası, həm də dünyanın bir çox ölkələri üçün 55 mindən artıq yüksəkixtisaslı həkim və provizor hazırlamış, bütün məzunlar üçün "Alma mater" adlanan beynəlxalq miqyasda nüfuzlu tədris və elm ocağı kimi tanınan Azərbaycan Tibb Universitetində salamlamaqdan məmnunluq duyuram.
Siz lütfən qarşınızdakı internet səhifəsi ilə tanış olmaqla Azərbaycan Tibb Universiteti, onun fakültələri, kafedraları, müalicə müəssisələri, Elmi-Tədqiqat Mərkəzi, sağlamlıq güşələri, idman-sağlamlıq kompleksi, tədris binaları, yataqxana və məişət xidmətləri, mədəni-kütləvi tədbirləri, istirahət düşərgəsi, diplomaqədərki tibb təhsilinin spesifikası, beynəlxalq əlaqələri və s. haqqında qısa məlumat ala bilərsiniz. Azərbaycan Tibb Universitetinin məzunları müxtəlif illərdə fədakarlıq göstərərək ölkə daxilində malyariya, traxoma, polimielit, vərəm və s. bu kimi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayıblar. Azərbaycan Tibb Universitetinin 1996-cı ildə Dünya Təhsil Birliyinin Beynəlxalq reyestrinə qoşulması, eləcə də Qara dəniz hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinə, Avropa Universitetlər Assosiasiyasına tamhüquqlu üzv qəbul edilməsi bu elm və təhsil ocağının beynəlxalq aləmdəki nüfuzunu daha da artırmışdır. Dünyanın bir çox görkəmli alimləri Universitetimizlə sıx əlaqə yaratmış, onun fəxri professoru seçilmişlər. Dünya şöhrətli siyasətçilərdən olan dahi öndər Heydər Əliyevin XX əsrin sonralarında iki dəfə Universitetimizdə olması, gələcək həkimlərə dəyərli məsləhətlər verməsi Universitetimizin yeni tarixində mühüm mərhələlərdən birinə çevrilmişdir.
Fərəhli haldır ki, son illərdə Universitetimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, aparılan islahatlar nəticəsində tibb təhsilinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əsaslı dönüş yaratmış, Universitetimizin öz klinikaları fəaliyyət göstərməyə başlamışdır.
Arzu edənləri Universitetimiz hər zaman böyük məmnuniyyətlə qəbul etməyə hazırdır.
Sizi bir daha yüksəkixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət müəssisəsi olan və ölkənin ən iri ali məktəblərindən biri kimi fəaliyyət göstərən Azərbaycan Tibb Universitetində səmimiyyətlə salamlayıram.
Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının,
Rusiya Federasiyası TEA-nın, Polşa TEA-nın həqiqi üzvü, SSRİ Dövlət
mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Əhliman Əmiraslanov
|