Axtarış:
Heydər Əliyev və Azərbaycan Tibb Universiteti
Tibb Universiteti Azərbaycan xalqına,
respublikasına, millətimizə əvəzsiz
xidmətlər göstəribdir.

Heydər Əliyev
     Dahilik və əbədilik mövqeyinin ulu zirvəsinə yüksəlmiş böyük Heydər Əliyev dühasının Azərbaycan adlı qədim bir yurdun xoşbəxtliyinə çalışdığı yeni eranın XX əsrinin 70-80-ci illəri, eləcə də Azərbaycanın dövlət müstəqilliyini bərpa edib möhkəmləndirdiyi 1993-2003-cü illər ölkəmizin bütün sahələrində olduğu kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin də tarix salnaməsinə zəngin, bitgin xarüqələr illəri kimi daxil olmuşdur.
     1969-cu ilin isti yay günlərində dahi Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda hamı bu uğurlu seçimi rəğbətlə qarşılasa da, hələ heç kim ağlına sığışdıra bilmirdi ki, müxtəlif qara qüvvələrin təhriki ilə hər tərəfdən sıxışdırılan, uzun illərdən bəri başını qaldırıb özünə gəlməyə, özünü tanımağa imkan verilməyən Azərbaycanda gələcəkdə ayrı-ayrı sahələrdə nə kimi dəyişikliklər, nə kimi yeniliklər baş verəcəkdir. Bunu bir öz gücünə, qüvvəsinə inanan uzaqgörən vətən oğlu Heydər Əliyevin özü, bir də ona tutduğu xeyirxah yolda kömək olub əqidə saflığı, yenilməzlik, bəşərilik keyfiyyətləri bəxş edən Ulu Tanrı bilirdi. 1969-2003-cü illər arasındakı Heydər Əliyev qüdrətini ardıcıl mərhələlərlə güzgü kimi əks etdirən bu fəlsəfi tarix əbədiləşdi, Heydər Əliyev ideyaları qalib gəldi. Bu tarixdəki Heydər Əliyev dəsti-xəttinin bəşəriliyi bütün dünyaya yayıldı. Onun misilsiz xidmətlərinin möhtəşəmliyini nə indi, nə də gələcəkdə heç kəs unuda bilməz.
     1969-cu ilə qədər çətinliklər məngənəsində çırpınaraq özünə müstəqil cığırlar açmağa, beynəlxalq aləmdə öz sözünü deməyə çalışan Azərbaycan tibb elmi, tibb təhsili sistemi Heydər Əliyev qüdrətinin yaratdığı əlverişli şəraitin iziylə gedərək onun ön cərgələrinə düşənlərdən biri oldu və son dərəcə keyfiyyətli, aram bir inkişaf yolu keçdi. Bu inkişaf vətənin inkişafı fonunda getdiyindən funksional bölgü və həmahənglik qanunauyğunluqları çərçivəsindən kənara çıxmayaraq endogen və ekzogen faktorların yaratdığı maneələrə üstün gəlib, öz müstəqil cığırına düşə bildi. Ümummilli liderimiz Heydər Əliyevin təhsil sistemində apardığı uzaqgörən islahatlar ölkə təhsil sisteminin ölkəmizdən xaricdə aparılan təhsil sistemlərinə inteqrasiyasından başlandı. O, bilirdi ki, gələcəkdə hər hansı bir sahənin elminin inkişafına nail olmaq üçün bu gün onun həm orta, həm də ali təhsil sisteminin bünövrəsi möhkəm olmalıdır. Ona görə də müdrik rəhbər ilk növbədə bu bünövrənin möhkəmləndirilməsi qayğısına qaldı. Onun təşəbbüsü ilə ötən əsrin 70-ci illərinin əvvələrindən başlayaraq hər il minlərlə bacarıqlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Belə gənclərin arasında ali tibb təhsili almaq üçün göndərilənlər də az deyildi. Bu proses ilbəil davam etdirildi və tezliklə ölkədə hər sahə üzrə yüksəkixtisaslı mütəxəssis bolluğu yarandı. Moskvanın, Leninqradın, Kiyevin, Minskin, Xarkovun və başqa iri şəhərlərin ali tibb məktəblərini bitirmiş Azərbaycanlı məzunların əksəriyyəti həmin ali məktəblərin nəzdində elmi-tədqiqat işlərilə məşğul olur, tibb elminin müxtəlif sahələri üzrə dissertasiya müdafiə edir, tibb elmləri namizədi, tibb elmləri doktoru elmi dərəcəsinə yiyələndikdən sonra vətənə dönürdülər. Onların əldə etdikləri bilik və təcrübə yeni nəslin hazırlanıb tərbiyə edilməsində mühüm rol oynayırdı. Fərəhləndirici haldır ki, Azərbaycan Tibb Universitetinə və onun kafedralarına hazırda rəhbərlik edənlərin böyük əksəriyyəti Heydər Əliyevin o illərdə yaratdığı şəraitdən bəhrələnmiş kadrlardır. Universitetimizdə uğurla fəaliyyət göstərən bu kadrlar ulu öndərin onlara göstərdiyi atalıq qayğısını heç vaxt unutmur, onun adına layiq olmağa cəhd edir, özləri də yaratdıqları elmi məktəblərdə onun adına layiq yeni kadrlar hazırlamağa səy göstərirlər.
     Müasirimiz olan əfsanəvi dövlət başçısı Heydər Əliyevin möhtəşəm işlərinin şahidi və iştirakçısı olmaq xoşbəxtliyi məhz bizim nəslin nümayəndələrinə nəsib olub. Yaxşı xatırlayırıq ki, keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Azərbaycanda hər sahədə olduğu kimi, tibb elmi və tibb təhsili sistemində aparılan islahatların da geniş vüsət alması Heydər Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsi idi. Sanki hələ o vaxtlar ölkə başçımız vətənimizin müstəqillik qazanacağını əvvəlcədən hiss edir, səbr və təmkinlə onun üçün möhkəm bünövrə, möhkəm maddi-texniki baza yaradırdı. Hazırkı müstəqillik dövründə olduğu kimi o zamanlarda da Heydər Əliyevin hər bir addımı Azərbaycan xalqının firavanlığı, ölkəmizin xoşbəxt gələcəyi, vətəndaşlarımızın hər birinin sağlamlığının etibarlı surətdə qorunması naminə atılırdı. Həmin dövrdə ilk növbədə Respublikanın ali tibb ocağına qəbulun keyfiyyət göstəriciləri yaxşılaşdırıldı, kəmiyyət göstəriciləri artırıldı. Ölkə başçısının o illərdə ardıcıl olaraq qəbul imtahanları günlərində institutumuza gəlməsi, imtahanların gedişinə, aparılma qaydalarına bilavasitə diqqət yetirməsi abituriyentləri ruhlandırır, müəllimləri səfərbər edir, tibb elminin qarşısında geniş üfüqlər açılmasına, ədalətin zəfər çalmasına zəmin yaradırdı. Nadir və qiymətli fotoşəkillərdə təsbitlənmiş o zamankı bu müqəddəs görüşlərin əksləri indi universitetimizin foyesindəki stendlərin bəzəyinə çevrilmiş, tibb elminin tarix salnaməsi yaddaşına əbədi həkk olunmuşdur.
     
Ulu öndər Heydər Əliyevin qlobal problemləri asanlıqla həll edə bilmə məharəti ilk günlərdən təkcə Azərbaycanda deyil, bütün SSRİ miqyasında, o cümlədən bir sıra xarici ölkələrdə də böyük rezonans doğurmuşdu. Dünyanın məşhur siyasətçiləri, dövlət başçıları onunla hesablaşır, bir çox hallarda onun iş təcrübəsini, natiqlik məharəti və nitq mədəniyyətinin, diplomatik baxışlarının incəliklərini öyrənməyə çalışırdılar. Bu keyfiyyətlərin zəngin çalarları ölkə başçımızın Moskvada yaşadığı illərdə daha geniş miqyas almışdır. Heydər Əliyev XX əsrin 80-ci illərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən eyni zamanda Sovetlər İttifaqının səhiyyə sisteminə rəhbərlik edirdi. Onun özünün səmimiyyətlə, böyük məhəbbətlə dediyi kimi həmişə səhiyyəyə, həkimliyə, tibb elminə çox bağlı olmuşdur. O, harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycanı düşünür, başqa elmlərlə yanaşı Azərbaycan tibb elminin də, inkişafını bir an belə yaddan çıxarmırdı. Heydər Əliyev 1998-ci ilin sentyabr ayının 28-də Azərbaycan Tibb Universitetinin 11 mərtəbəli yeni tədris binasının açılışı mərasimində çıxış edərkən bu haqda belə demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra isə sovetlər ittifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm... Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji mərkəzin, həm kardioloji mərkəzin, həm ürək cərrahiyyəsi mərkəzinin, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində onların maddi- texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Tibb alimlərinə müxtəlif mükafatlar təqdim etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".
     Bəli, bütün bunlar sonralar Azərbaycan tibb elminin inkişafına güclü təkan verdi. Heydər Əliyevin o vaxtlar yaratdığı bu əlaqələr ölkəmizin müstəqilliyi dövründə də davam etdirildi və çox faydalı oldu. Müstəqillik illərində Rusiya Federasiyası (RF) Elmlər Akademiyası və RF Tibb Elmləri Akademiyasının həqiqi üzvü, RF TEA-nın Onkoloji Elmi Mərkəzinin baş direktoru akademik Nikolay Nikolayeviç Trapeznikov bir neçə dəfə Bakıda olmuşdur. Bu səfərlər zamanı möhtərəm prezidentimiz onu şəxsən qəbul etmiş, onunla onkologiya elminin inkişaf perspektivləri, o cümlədən də onun Azərbaycanla bağlı problemləri haqqında səmimi söhbətlər keçirmişdir.
     Ümummilli lider Heydər Əliyev dəfələrlə o vaxtlar SSRİ Tibb Elmləri Akademiyasının prezidenti vəzifəsində çalışan akademik N.N.Bloxinlə görüşmüş, səhiyyənin inkişafı haqqında fikir mübadiləsi aparmışdır. Yadımdadır ki, 80-ci illərin əvvəllərində mən Moskvada SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində işləyən zaman bir gün akad.N.N.Bloxin (o həm də OEM-in direktoru idi) mərkəzin işçilərini toplayıb təcili iclas keçirdi. Adətən kiminsə ünvanına tərifli sözlər deməkdə bir qədər "xəsislik" edən akademik N.N.Bloxin bütün iclas boyu Heydər Əliyev qüdrətinə heyranlığından danışdı. O dedi: "Bu gün SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev SSRİ-nin ən mötəbər səhiyyə işçiləri, görkəmli tibb alimləri qarşısında möhtəşəm bir çıxış etdi. Onun səhiyyənin incəliklərini, problemlərini, çətinliklərdən çıxış yolları tapma üsullarını bizdən də gözəl bilməsi hamımızı yaxşı mənada heyrətləndirdi. Mən ona qulaq asarkən düşünürdüm ki, tibb sahəsi üzrə püxtələşmiş ən görkəmli akademiki, qüdrətli tibb alimini dinləyirəm və indi də inana bilmirəm ki, Heydər Əlirza oğlu tibb üzrə ali məktəb bitirməyib, tibb ixtisası almayıb". Akademik N.N.Bloxinin Heydər Əliyev haqqında ürəkdən gələn səmimi sözləri bir Azərbaycanlı kimi vətəndən uzaqlarda biz gənclərdə böyük qürur hissi oyatmışdı və biz bu dahi şəxsiyyətin həmvətəni olmaqdan zövq alırdıq. Belə ünsiyyət, sıx əlaqələr Türkiyənin, Amerikanın, Almaniyanın, Yaponiyanın, Fransanın, İranın, İngiltərənin və digər ölkələrin tibb alimləri ilə də yaradılmışdı. Heydər Əliyevin həm Amerikada, həm də Azərbaycanda Hyüston tibb mərkəzinin direktoru prof.M.Debeyki ilə böyük maraq doğuran tarixi görüşləri hamımızın yadındadır. Azərbaycan Tibb Universiteti kollektivinin türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, prof.İhsan Doğramacı ilə əlaqə yarada bilməsi möhtərəm prezidentimizin sayəsində mümkün olmuşdur. Prof.İhsan Doğramacı bir neçə dəfə ölkə başçımız tərəfindən Azərbaycana dəvət olunub və hər dəfə də onun Azərbaycan Tibb Universitetində olmasına, kollektivimizlə görüşünə, Azərbaycan tibb elminin inkişafına yardımçı olmasına əlverişli şərait yaradılıb. Yeri gəlmişkən qeyd edim ki, prof.İhsan Doğramacı 1993-cü ildə ATU-nun Elmi Şurasında Universitetimizin ilk fəxri doktoru seçilib. Onun büstü universitetimizin foyesinin bəzəyinə, Azərbaycan və Türkiyə həkimlərinin, tibb alimlərinin dostluq rəmzinə çevrilib.
     Ötən əsrin 70-ci illərində uzaqgörən səyahətçi Heydər Əliyevin təşəbbüsü ilə 1 saylı Bakı şəhər klinik xəstəxanasının həndəvərində ATU-da təhsil alan tələbələrin tədris prosesini, tibb alimlərinin apardıqları elmi-tədqiqat işlərini, müalicəvi tədbirləri yaxşılaşdırmaq, müəllim və tələbələrin rahatlığını, tibb elminin tərəqqisini təmin etmək üçün uzun illərdən bəri gündəmdə olan tibb şəhərciyi salınması ideyası həqiqətə çevrildi, bu haqda qərar qəbul edildi və nəzərdə tutulan şəhərcik tədricən arzuolunan formasını ala bildi. Həmin illərdə ATU-da təhsil alan tələbələr üçün rahat yataqxanalar, bir neçə spesifik tədris korpusları, xəstəxana və poliklinikalar, Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası, unikal idman kompleksi, üzgüçülük hovuzu və s. tikilib istifadəyə verildi. Hələ 70-ci illərdə tibb institutunda aparılan islahatlar nəticəsində istehsalat təcrübəsi dekanlığı, internatura şöbəsi, elmi-tibbi informasiya şöbəsi, xarici tələbələrlə iş üzrə dekanlıq, tədris-metodik kabinet, hazırlıq şöbəsi, aspirantura və klinik ordinatura şöbəsi, sonralar isə tibbi-biologiya fakültəsi və hərbi tibbi-fakültə yaradıldı. Ölkə başçımız 1980-ci ildə anatomiya və fizika-kimya tədris binalarının yanında bünövrəsini qoydurduğu 11 mərtəbəli yeni tədris binasının müxtəlif səbəblərdən yarımçıq qalmış tikintisini özünün diqqət və qayğısı sayəsində müstəqillik dövründə yenidən bərpa etdirdi və 1998-ci ildə başa çatdırdı. O, tədris binasının açılışındakı çıxışında (28 sentyabr 1998) demişdir: "Mən xatırlayıram, 60-cı illərdən tibb institutunun əsas binası "Molokan bağı" adlanan yerin yanında 2-3 mərtəbəli kiçik bir bina idi. Biz burada, məhz bu sahədə o zaman Semaşko adını daşıyan xəstəxananın yanında tibb institutunun böyük şəhərciyini yaratmağa başladıq. İndi burada artıq bu şəhərcik yaranıbdır. Bu gözəl universitet binası da bu şəhərciyin daha da gözəl olmasını nümayiş etdirir və tibb universitetinin bundan sonrakı fəaliyyəti üçün də çox əhəmiyyətli olacaqdır". Prezidentimizin kollektivimizə, tələbələrimizə bəxş etdiyi 11 mərtəbəli tədris binasında əsaslı kitabxana, internet sisteminə qoşulmuq üçün kompüter mərkəzi, hərbi-tibbi fakültə, ATU-nun nəşriyyatı, 10 nəzəri kafedra, 500 yerlik unikal akt zalı yerləşdirildi və həqiqətən də, bu bina universitetimizin fəaliyyətində həkim və elmi tibb kadrlarının yetişdirilməsində son dərəcə əhəmiyyətli bir tədris və elm ocağına çevrildi.
     Əlbbəttə, ölkəmizdə cənab prezidentin rəhbərliyi altında əldə edilmiş tibb elminin yüksəliş yolları, təkcə tibb universitetinin keçdiyi yollarla məhdudlaşmır. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı Elmi-Tədqiqat İnstitutları, tibb mərkəzləri, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu və digər elm ocaqları da ölkə başçımızın diqqət və qayğısı sayəsində tibb elminin inkişafında böyük xidmətlər göstərmiş, zəngin potensiala malik elmi bazalara çevrilmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən bütün Elmi-Tədqiqat İnstitutları ulu öndərin diqqət və qayğısı sayəsində demək olar ki, tamamilə yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz edilmiş, elmi laboratoriyalar günün təlabatı səviyyəsinə çatdırılmışdır. Buna görə də bu institutların divarları arasında çalışan alimlər apardıqları məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə yoluxma təhlükəsi törədə biləcək bir sıra xəstəliklərin qarşısı alınmış, bəzi xəstəliklər ləğv edilmiş, digərlərinin müalicə və profilaktikası davam etdirilir. Bu yolda qazanılmış uğurlara görə ölkəmizin tibb alimləri beynəlxalq mükafatlara, elmi və fəxri adlara layiq görülmüş, beynəlxalq qurumlara üzv seçilmişlər. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun alimləri, elmi-pedaqoji kollektivi möhtərəm Heydər Əliyevin yaratdığı əlverişli şəraitdən bəhrələnərək xəstəliklərin profilaktikası sahəsində aparılan elmi-tədqiqat işlərini gücləndirmiş, həkimlərin ixtisaslarının artırılması sahəsində yerinə yetirdikləri fəaliyyətlərini yüksək səviyyəyə çatdırmışlar.
     1980-ci ildə Azərbaycan Tibb İnstitutunun 50 illik yubileyi ərəfəsində ulu öndər Heydər Əliyev alimlərimizin böyük bir qrupunu orden və medallarla, fəxri adlarla təltif etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın tibb işçilərinə, tibb alimlərinə olan sonsuz məhəbbətindən irəli gəlirdi. Onun vətəndaşlıq yanğısı müqəddəs, ülvi bir yanğıdır. Bu yanğının hərarətinə bütün Azərbaycan yığışıb. Bu hərarətdən Azərbaycan tibb elminə də istənilən qədər pay düşüb. Dahi öndərin 1998-ci ildə universitetimizdə etdiyi çıxışının daha bir fraqmenti bu nəcib duyğuların böyüklüyünü göstərir, hər birimizi Azərbaycanın layiqli vətəndaşı olmağa səsləyir: "1980-ci ildə biz tibb institutumuzun, universitetimizin 50 illiyini qeyd edirdik və institutun xidmətlərini böyük iftixar hissi ilə dünyaya bəyan edirdik. İndi isə biz artıq tibb universitetinin 70 illik yubileyinə yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda məhz tibb universitetinin fəaliyyəti nəticəsində böyük və gözəl səhiyyə işçiləri, həkimlər dəstəsi yaranmışdır. Onlar Azərbaycan vətəndaşlarıdır, Azərbaycanlıdırlar, onlar bizim millətə mənsubdurlar, öz xalqına, millətinə xidmət edirlər, onun sağlamlığının keşiyində dururlar və məmnuniyyətlə deyirəm ki, dəyərli xidmət edirlər".
     Ümummilli lider Heydər Əliyevin 1987-ci ildə Mixail Qorbaçov tərəfindən Moskvadakı vəzifəsindən haqsız olaraq uzaqlaşdırılması ermənilərin Dağlıq Qarabağı və digər bölgələrimizi işğal etmələrinə şərait yaratmaq məqsədi güdürdü və bu da müəyyən müddətdə Azərbaycanın nüfuz dairəsini xeyli zəiflətdi. Ölkədə yaranan ağır vəziyyət bir müddət tibb elminin də tərəqqisinə mənfi təsir göstərdi. Ölkədaxili pərakəndəlik, qeyri-sabitlik, müharibə şəraiti həm təhsilə, həm də elmi-tədqiqat işlərinə müəyyən mənada ziyan vurdu.
     Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə gəlişindən sonra ölkədə yaratdığı ictimai, iqtisadi, siyasi sabitlik tibb elmində başlamış tənəzzülün qarşısının alınmasına öz müsbət təsirini göstərdi. Bununla yanaşı tibb elminin inkişafı, islahatların həyata keçirilməsi üçün imkanlar genişləndi. Bunların müqabilində 1996-cı ildə Azərbaycan Tibb Universiteti dünya təhsil birliyinin beynəlxalq reyestrinə salındı. 1999-cu ildə bu ali təhsil və elm ocağı Qara dəniz ölkələri Universitetlər Assosiasiyasının, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ilin aprel ayının 19-da isə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. ATU-nun beynəlxalq əlaqələri genişləndi. Bu illər tibb elminin sıçrayışlı yüksəlişi kimi yadda qaldı.
     Dahi öndər Heydər Əliyevin göstərişi ilə XX və XXI əsrlərin qovşağında ATU nəzdində perspektivli hərbi-tibb fakültəsi yaradıldı. 2002-ci ildə həmin fakültənin ilk buraxılışı oldu və 25 nəfər məzun bu ixtisas üzrə həyat vəsiqəsi aldı. Əvvəllər belə kadrlar başqa ölkələrin Hərbi Tibb Akademiyalarında hazırlanırdı. İndi artıq öz gücümüzlə öz milli hərbi tibbi kadrlarımızı hazırlaya bilmək imkanı əldə etmişik. Bu, ölkə başçımızın Azərbaycanın gələcəyinə, onun tibb elminə ərməğan etdiyi ən böyük töhfələrdəndir. Ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın professional hərbi həkimlərə, hərbi tibb alimlərinə olan ehtiyacını nəzərə alaraq belə bir fakültənin yaranmasının həm də strateji əhəmiyyət kəsb etməsini dərk etmək çətin deyil. Universitetimizdə yaradılan hərbi-tibb fakültəsi, ola bilsin ki, gələcəkdə yaradılacaq Azərbaycanın Milli Hərbi Tibb Akademiyasının özül daşlarını təşkil etsin. Bu da, şübhəsiz ki, gələcəkdə həyata keçirilə biləcək daha bir vacib planın bünövrəsinin qoyulmasına dəlalət edir.
     Ümummilli liderimiz Heydər Əliyevin apardığı məqsədyönlü islahatlar nəticəsində son illərdə ATU-nun özünə məxsus klinik bazalarının təşkili prosesinə başlanılmışdır ki, bu da həm diplomdanəvvəlki, həm də diplomdansonrakı dövrlərdə müvafiq tibb mütəxəssisləri hazırlığının daha səmərəli aparılmasına, diplomdansonrakı mərhələdə spesifik tibb kadrları yetişdirilməsi sahəsində dünya standartlarına uyğun gələn rezidentura sisteminə keçidə zəmin yaradır. 2002-ci ildə Prezidentin icazəsi ilə tibb elminin inkişafı naminə artıq ATU-nun stomatoloji klinikası yaradılmışdır. Universitetimizin cərrahiyyə klinikası üçün nəzərdə tutulmuş daha bir klinikanın tikintisi başa çatmaq üzrədir. Bu klinikanın fəaliyyətə başlaması şübhəsiz ki, Azərbaycan cərrahlıq elminin yeni inkişaf mərhələsinin başlanğıcını təşkil edəjəkdir. Yaxın vaxtlarda Bakıdakı daha 3 böyük xəstəxananın - 1 saylı şəhər klinik xəstəxanası, M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası və A.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının Azərbaycan Tibb Universitinin tabeliyinə verilməsi gözlənilir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws