
Universitet Həmkarlar İttifaqı Təşkilatı da 70 yaşına çatır. Tibb İnstitutu təşkil edilən ilk günlərdən yaranan bu təşkilat ali təhsilli tibb kadrlarının yetişdirməsi işində mühüm rol oynamışdır. Onun qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial problemlərinin həlli olmuşdur. Hər il onlarla əməkdaş Həmkarlar İttifaqı xətti ilə keçmiş SSRİ-nin və xarici ölkələrin istirahət evlərinə göndərilmiş, müxtəlif şəhərlərə tarixi yerlərə səyahətlərə çıxmışlar. Universitet Həmkarlar İttifaqı təşkilatı hər il keçirilən və beş ildən bir yekun vurulan kollektivlər arası, kafedralar arası yarışların, "ən yaxşı kafedra" uğrunda, "ilin ən yaxşı tədqiqatçısı" və s. müsabiqələrin təşkilatçısı olmuşdur. Müxtəlif vaxtlarda Universitet Həmkarlar İttifaqı komitəsinə prof. Nəcməddin Hacıyev, dos. Əhməd Rəştiyev, prof. Şamil Səlimxanov, prof. Zərifə Zeynalova, prof. Eyyub Rəhimov, dos. Şəmsi Həsənov, dos. Sabir Səfərov, dos. Vaqif Şadlinski rəhbərlik etmişlər. l994-cü ilin fevralında Universitet Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsinə professor Surxay Musayev seçilmişdir.
Azərbaycan müstəqillik qazanana qədər keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi Tibb Universitetində də Həmkarlar İttifaqı komitəsi müstəqil olmamış Universitet partiya komitəsinin rəhbərliyi altında fəaliyyət göstərmişdir. Yalnız 1994-cü ilin fevral ayının 24-də 792 №-li fərmanla Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənabları müstəqil respublikamızın tarixində ilk dəfə olaraq "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək təşkilatının konvensiya və tövsiyələrinə istinadən hazırlanmış bu qanun Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarını, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün geniş fəaliyyət təminatlarını müəyyən etdi. l997-ci ilin aprel ayında qəbul edilmiş "Fərdi əmək müqavilələri (kontraktları) haqqında" və sonra "Kollektiv müqavilə və sazişlər haqqında", "Məzuniyyətlər haqqında", "Fərdi əmək mübahisələrinin həlli qaydası haqqında" Azərbaycan Respublikası qanunlarında, eləcə də 1999-cu ildə təsdiq olunmuş "Azərbaycan Respublikası Əmək Məcəlləsində" Həmkarlar ittifaqları təşkilatlarının bu sahədə hüquq və vəzifələri daha da genişləndirilmişdir.
İndi Universitet əməkdaşlarının həmkarlar ittifaqı təşkilatı ətrafında 3000 nəfərə yaxın professor-müəllim heyətini və texniki işçiləri birləşdirir. Həmkarlar İttifaqı üzvləri 9 ilk təşkilatda birləşiblər (l və 2 müalicə-profilaktika fakültələri, pediatriya, tibbi-profilaktika, stomatologiya, əczaçılıq fakültələri, inzibati-təsərrüfat işçiləri, "Təbib" nəşriyyatı və universitet klinikası ilk həmkarlar ittifaqı təşkilatları).Təşkilatın ali orqanı 5 ildən bir keçirilən hesabat-seçki konfransıdır. Axırıncı IX konfrans 240 nümayəndənin iştirakı ilə 12 mart 1998-ci il tarixdə keçirilmişdir. Konfransda 23 nəfərdən ibarət həmkarlar ittifaqı komitəsi və 7 nəfərdən ibarət təftiş komissiyası seçilmişdir. Konfransda universitet rektorluğu ilə kollektiv müqavilə bağlanmışdır ki, bu da rektorluqla həmkarlar ittifaqı təşkilatı arasında münasibətlərin tənzimlənməsində böyük rol oynayır.
Universitet həmkarlar ittifaqı təşkilatının qarşısında duran ən vacib məsələlərdən biri əməkdaşların sosial-iqtisadi problemlərinin həllinə köməklik etməklə bağlıdır. Çünki bu məsələ məhz indi, yəni çətin sosial-iqtisadi keçid dövründə xüsusi əhəmiyyət kəsb edir. Ötən illər ərzində bir neçə dəfə təhsil və səhiyyə işçilərinin əmək haqları müəyyən qədər artırılsa da o minimal istehlak tələbatlardan xeyli aşağı olaraq qalmaqdadır. Odur ki, universitet həmkarlar ittifaqı komitəsi rektorluqla birlikdə bu çətinliyi bir qədər azaltmaq məqsədilə yollar aramağa başladı. 1991-95-ci illərdə əməkdaşların ailə büdcəsinə kömək məqsədilə universitet həmkarlar ittifaqı komitəsi müxtəlif ərzaq məhsullarının ucuz qiymətə satışını təşkil edirdi. Lakin sonralar özəl sektorun genişlənməsi, dövlət ticarət sektorunun, xüsusilə topdan-satış bazalarının demək olar ki, fəaliyyət göstərməməsi səbəbindən bu işlə məşğul olmaq mümkün olmadı. l994-cü ilin mart ayında həmkarlar ittifaqı komitəsinin təqdimatı ilə qazanılmış vəsait hesabına Rektorluq tərəfindən əməkdaşlara ilk yardım edildi. Sonra bu bir neçə dəfə təkrar olundu. l995-ci ilin yanvar ayından isə bu yardım hər ay bütün əməkdaşlara verilməyə başladı. l997-ci ilin sentyabr ayından isə verilən yardım müqayisə olunmuş şəkildə, yəni əməkdaşın tutduğu vəzifə və ya xidmət sahəsinin ağırlığına görə təyin olunur. Əlavə yardım üçün 1995-ci ildə hər ay Universitetin büdcəsindən 49 milyon manata yaxın vəsait ayrılırdısa, indi bu 10 dəfə artırılaraq ayda əməkdaşlara yardım üçün 490 milyon manata çatdırılmışdır. Bununla bərabər ödənişli qruplara daxil olmuş 65 əməkdaş övladlarının təhsil haqqının ödənilməsini Universitet öz üzərinə götürmüşdür. Bu isə həmin ailələrin hər birinin büdcəsinə ildə 2-4 milyon manat miqdarında məbləğin əlavə edilməsi deməkdir.
Bundan əlavə 1996-cı ildən etibarən ailələri çadır şəhərciklərində, yataqxanalarda məskunlaşmış qaçqın, köçkün, yetim tələbələrə pulsuz, yəni universitetin hesabına isti yemək verilməyə başlandı, 1998-ci ilin sentyabrından isə tələbələrin arzusunu nəzərə alaraq onların hər birinə ayda 50 min manat məbləğində yardım edilir. Bu məqsədlə hər ay universitetin daxili qazanclardan 15-20 milyon manat vəsait xərclənir.
Universitet həmkarlar ittifaqı komitəsinin köməyi təkcə universitetdə çalışan qaçqın və köçkünlərlə məhdudlaşmır. l990-cı illərdən etibarən dəfələrlə Rektorluğun və həmkarlar ittifaqı komitəsinin nümayəndələri qaçqınların məskunlaşdığı rayonlarda, hərbi hissələrdə olmuş mümkün köməkliyi göstərmişlər. Universitet həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə şəhər vergi müfəttişliyi universitet yataqxanasında məskunlaşmış qaçqınlar hamiliyə götürmüş və hər ay onlara yardımlar edilmişdir. Bundan əlavə "çadır şəhərcikləri"nə universitet alimlərindən ibarət həkim briqadaları göndərilmiş, tibbi-müayinələr aparılmış, yardım göstərilmişdir.
Əməkdaşlara kömək etmək məqsədilə universitet həmkarlar ittifaqı komitəsi də öz büdcəsinin 40% qədərini maddi yardımların verilməsinə yönəltmişdir. l994-cü ildə 352 nəfər 1995-ci ildə 639, 1996-cı ildə 395, 1997-ci ildə 215, 1998-ci ildə 354 əməkdaş universitet həmkarlar ittifaqı xəttilə yardım almışdır. Hər əməkdaşa verilən yardımların miqdarı bu illər ərzində artırılaraq 250 manatdan 50 min manata çatdırılmışdır. Bundan əlavə idman kompleksində işləyən şəhid anaları Qəndab Məmmədova və Lətafət Novruzova universitet həmkarlar ittifaqı komitəsinin himayəsinə götürülmüş və hər ay onlara yardım verilir.
Zərərli əmək şəraitində işləyən əməkdaşların müəyyənləşdirilməsi və onlara əlavə əmək haqqı verilməsi, eləcə də təhlükəsizlik texnikası və əməyin mühafizəsi istiqamətində işlər davam etdirilir. Həmkarlar ittifaqı komitəsinin təqdimatı ilə 615 əməkdaş zərərli şəraitdə işlədiyinə görə 10-24% əlavə əmək haqqı alır.
Respublika sanatoriya və istirahət evlərinin əksəriyyətində qaçqın və köçkünlərin məskunlaşdığını, digər ölkələrin istirahət evlərinə göndərişlər olmadığını nəzərə alaraq 1994-cü ilin may ayında rektorluğun və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə demək olar ki, məqsədyönlü istifadə olunmayan Nabrandakı "Təbib" idman sağlamlıq düşərgəsi əməkdaşların həmkarlar ittifaqı komitəsinin sərəncamına verildi və elə həmin il orada təcili təmir-abadlıq işləri aparılaraq 240 nəfərdən ibarət 64 professor-müəllim ailəsinin istirahəti təşkil olundu. Sonrakı il isə rektorluğun qayğısı və ayırdığı vəsait hesabına düşərgənin həyətində əvvəlki illərdə Rusiyadan gətirilmiş, lakin yarı 2 mərtəbəli 16 otaqlı yaşayış kompleksi tam bərpa edilmiş və əməkdaşların və tələbələrin ixtiyarına verilmişdir. Kənar şəxslərin düşərgəyə daxil olaraq əməkdaşların istirahətinə mane olmağının qarşısını almaq məqsədilə düşərgə hər tərəfdən hasarlanmışdır. Bundan başqa istirahətin yaxşı təşkili üçün düşərgədə parabolik peyk antenası quraşdırılmış, müxtəlif əyləncəli gecələrin təşkil olunması üçün musiqi mərkəzi alınmışdır. İndi hər il 400 nəfərə yaxın müəllim, əməkdaş və onların ailələri, 100 nəfərə yaxın tələbə öz istirahətini Nabranda keçirmək imkanına malikdir. Bu gün "Təbib" istirahət düşərgəsində bir nəfərin istirahətinin təşkil etməyin maya dəyəri 382116 manat təşkil edir. Lakin bunun 220.000 manatını rektorluq öz üzərinə götürür, yerdə qalanın 85%-ini həmkarlar ittifaqı komitəsi cəmisi 15%-ini əməkdaşlar özləri ödəyirlər. Odur ki, bu gün əməkdaşlarımız 18-19 min manat ödəyərək 21 gün ərzində 3 dəfə yeməklə təmin olunmaq şərtilə Universitet düşərgəsində istirahət etmək imkanına malikdirlər.
Universitetdə işləyən pensiyaçılara diqqət göstərməyi universitet həmkarlar ittifaqı komitəsi özünün vəzifə borcu hesab edir. Odur ki, pensiyaçılara "Əmək veteranı" adı verilməsi tədbirini könüllü olaraq Komitə öz üzərinə götürülmüş və indiyə qədər universitetdə 400 nəfərdən çox əməkdaşı "Əmək veteranı" adı alaraq bu fəxri adın verdiyi imtiyazlardan istifadə edirlər. Universitet veteranlar şurasının fəaliyyəti bərpa olunmuş və onların səmərəli fəaliyyət göstərməsi üçün həmkarlar ittifaqı komitəsi əlindən gələni edir.
Həmkarlar ittifaqı komitəsi müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinə xüsusi qayğı göstərir. Milli Dram, Opera və Balet, Gənc tamaşaçılar teatrlarında tamaşalara baxış təşkil olunmuş, Füzulinin 500 illiyinə, Aşıq Ələsgərin 175 illiyinə, "Kitabi Dədə Qorqud"un 1300 illiyinə həsr olunmuş tədbirlər keçirilmiş, Xalq şairləri B.Vahabzadə, Qabil, xalq artisti Afaq Bəşir qızı ilə görüşlər təşkil edilmişdir. Universitetin qızlardan ibarət "Çinar" xalq rəqs ansamblı, Şən və Hazırcavablar Klubunun "Eskulap" komandası daim həmkarlar ittifaqının diqqət mərkəzindədir və onlara hərtərəfli yardım göstərilir. Görkəmli Dövlət Xadimi, Tibb Universitetinin ilk rektorlarından biri olmuş Əziz Əliyevin, Akademik M.Topçubaşovun 100 illik yubileylərinə həsr olunmuş tədbirlərin, hər il ənənəvi olaraq Opera və Balet teatrında keçirilən buraxılış gecələrinin, yeni tədris binasının açılışı ilə bağlı kompleks tədbirlərin əsas ağırlıq mərkəzi rektorluqla yanaşı universitet həmkarlar ittifaqı komitəsinin üzərinə düşmüşdür. Bir sözlə universitet həyatı ilə bağlı bütün tədbirlərdə həmkarlar ittifaqı komitəsi müşahidəçi mövqeyində durmur, əksinə həmin tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün var qüvvəsi ilə çalışır.
Universitetin 70 illik yubileyini ləyaqətlə qarşılamaq üçün həmkarlar ittifaqı komitəsi öz işini daha da təkmilləşdirir, əməkdaşların qanuni mənafelərinin qorunması, sosial problemlərinin həlli istiqamətində əlindən gələni edir.
|