|
Hesabat verilən 2005-ci ildə əczaçılıq fakültəsinin əczaçılıq və kimya üzrə problem komissiyasının 4 iclası keçirilmişdir.
1-ci iclasda farmakoqnoziya və botanika kafedrasının baş müəllimi ə.e.n. İsayev cavanşir İsa oğlunun doktorluq dissertasiya işinin mövzusu, iş, təqvim planları və elmi məsləhətçinin müzakirəsi olunmuşdur. Dissertasiya işinin mövzusu «Azərbaycan florasından olan yabanı dərman bitkilərinin arealının, xammal ehtiyatının təyini və fitopreparatların istehsalında istifadəsi». Doktorluq dissertasiya işi respublikamızda bəzi dərman bitkilərinin ehtiyatının, onların xammal mənbələrinin və ehtiyatının kompleks və səmərəli istifadəsinin öyrənilməsinə həsr edilmişdir. Bəzi yabanı bitən bitkilərdən fitopreparatların (fitotussin şərbəti) sənaye miqyasında istehsalına dair texnologiya reqlamenti və analitik-normativ sənədlərin hazırlanmasına həsr edilmişdir. Atşabalıdı tullantı hesab edilən meyvə yanlıqından triterpen saponin essin alınmışdır, çaytikanı yağının yeni alınma texnologiyası hazırlanmış və patentləşdirilmişdir. İlk dəfə süsən cinsindən olan bəzi növləri farmakoqnostik tədqiq olunmuşdur. Dissertasiya işinin mövzusu, iş və təqvim planları elmi məsləhətçisi –prof. Kərimov Y.B. təsdiq edilmək üçün fakültənin elmi şurasına tövsiyə edilmişdir.
Həmin iclasda fakültənin 2 aspirantının (Məmmədova Aynur – farmakoqnoziya və botanika kafedrası, Əliyeva Arzu – əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrası) və ƏTİT baş laborantı Müslümzadə Samirin namizədlik dissertasiya işlərinin, iş və təqvim planlarının və elmi rəhbərlərinin təsdiqi fakültənin elmi şurasına tövsiyyə edilmişdir. A. Məmmədovanın işinin mövzusu «Scerzonera latifolia bitkisinin farmakoqnostik tədqiqi və tibbdə istifadəsi» (rəhbər prof. Kərimov Y.B.), A. Əliyevanın «Azərbaycan Respublikası əczaçılıq sahibkarlığının inkişafında audit xidmətinin rolunun öyrənilməsi» (rəhbər prof. Vəliyeva M.N), S. Müslümzadənin «Bitki mənşəli immunotrop və iltihab əleyhinə dərman vasitələrinin tədqiqi və standartlaşdırılması» (rəhbər Vəliyeva M.N.).
Əczaçılıq texnologiyası, iqtisadiyyatı və təşkili kafedrasının dissertantlarının Zülfüqarova Nailə və cəlilova Kəmalənin dissertasiya işlərinə elmi məsləhətçilərin təyin edilməsi məsələsi müzakirə edilmişdir. Qərara alındı: 1)Seçenov adına Moskva Tibb Akademiyasının professoru Sboyeva S.Q. ƏTİT kafedrasının dissertantı N.S. Zülfüqarovanın «Bakı şəhərinin apteklərində əhaliyə fitoterapevtik dərman xidmətinin təşkilinin öyrənilməsi» mövzusunda yerinə yetirdiyi dissertasiya işinə elmi məsləhətçi tövsiyyə edilsin. 2)Seçenov adına Moskva Tibb Akademiyasının professoru Qlembotskaya Q.T. ƏTİT kafedrasının dissertantı K.İ. cəlilovanın «Azərbaycanda aptek təşkilatlarının əczaçılıq bazarının digər subyektləri ilə əlaqələrinin öyrənilməsi və təkmilləşdirilməsi» mövzusunda yerinə yetirdiyi dissertasiya işinə elmi məsləhətçi tövsiyyə edilsin.
2-ci iclasda Abdulla-zadə Əbülfəz Abdulla oğlunun «İmmunokor və heterovir – immunodefisit xəstəliklərin müalicə və profilaktikasında istifadə olunan yeni sintetik immunomodulyatorlar» adlı namizədlik dissertasiya işinin mövzusu, iş, təqvim planları və elmi rəhbərləri (k.e.d. prof. Abışev Azad və ə.e.n. Ağayev Elsevər) təsdiq edilmək üçün elmi şuraya tövsiyyə edilmişdir.
Hər iki iclasda ATU-nun elmi işlər üzrə prorektoru ə.e.x. prof. Məmmədhəsənov R.M. cənabları iştirak etmişdir.
3-cü iclasda əczaçılıq fakültəsinin kafedralarının 2006-2010-cu illər üçün elmi-tədqiqat işlərinin mövzularının və planlarının təsdiqi məsələsi müzakirə edilmişdir. Kafedra müdirləri planlaşdırılmış elmi-tədqiqat işlərinin mövzusu, iş planları, işlərin rəhbərləri, məsləhətçiləri və icraçılar haqqında məlumat vermişlər.
Elmi-tədqiqat işləri təsdiq olunmuşdur.
4-cü iclasda əczaçılıq fakültəsinin kafedralarının 2000-2005-ci illərdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticəsi haqqında məlumatları müzakirədən sonra təsdiq edilmişdir.

|