AZ RU EN
Digər fakultələr
Tibbi mikrobiologiya və immunologiya kafedrası

İndiki tibbi mikrobiologiya və immunologiya kafedrasının əsası Bakı Dövlət Universiteti tibb fakultəsinin fəaliyyətdə olduğu dövrdə qoyulmuşdur. Universitetdə bu fənnin tədrisinə 1926-ci ildə başlanmışdır. O zaman mikrobiologiya fənnindən məşğələləri ümumi patologiya kafedrasının dosenti vəzifəsinə qəbul edilən P.F.Zdrodovski keçirdi. Sərbəst mikrobiologiya kafedrası isə 1926-cı ildə professor vəzifəsinə seçilmiş P.F.Zdrodvskinin rəhbərliyi altında fəaliyyətə başlamışdır.

Pavel Feliksoviç Zdrodovski (1890-1976) 1914-cü ildə Kazan Universitetinin tibb fakultəsini bitirmiş, 1920-ci ildə ordu siralarında malyariyaya qarşı mübarizəni təşkil etmək məqsədilə Azərbaycana gələn P.F.Zdrodovski 1922-ci ildə ordudan tərxis olunaraq, Bakıda qalmış, Universitetin tibb fakultəsində əvvəl dosent, 1926-1930-cu illərdə isə professor və kafedra müdiri vəzifəsində işləmişdir. Hələ 1921-ci ildə P.F.Zdrodovski ordu sıralarında xidmət etdiyi vaxt, onun təşəbbüsü ilə Azərbaycanda ilk elmi-tədqiqat müəssisəsi olan çiçək xəstəliyi əleyhinə mübarizə institutu yaradılmışdır.
1922-ci ildə Azərbaycanda bruselloz xəstəliyi aşkar etmiş və xəstəliyin heyvandan insana keçməsinin qarşısını alan brusellin adlı preparat yaratmışdır. Onun 1924-cü ildə yaratdığı diffteriya anatoksini keçmiş SSRİ-də bu xəstəliklə mübarizədə böyük rol oynamışdır. P.F.Zdrodovski o dövrdə Azərbaycanda vəba epidemiyasının geniş yayıldığıni nəzərə alaraq, 1921-1922-ci illərdə kütləvi surətdə vəba vaksini istehsal edən laboratoriya təşkil edilmişdir. 1922-ci ildə P.F.Zdrodovskinin təşəbbüsü ilə Bakıda epidemiologiya və mikrobiologiya institutu təşkil edilmişdir. O, universitetin tibb fakultəsində işləməklə bərabər, 1922-1930-cu illərdə mikrobilogiya institutuna da rəhbərlik etmişdir.
1930-1932-ci illərdə P.F.Zdrodovskini həm kafedra mudiri, həm də mikrobiologiya İnstitutunun direktoru vəzıfəsində görkəmli alim Lev Aleksandroviç Zilber (1894-1966) əvəz etmişdir.
1932-1933-cü illərdə isə kafedraya professor Vladimir Aleksandroviç Barıkin (1879-1942), 1933-cü ildən 1971-cı ilə qədər (38 il) isə kafedraya azərbaycanlı mikrobioloq dosent F.A.Yaqubov (1907-1971) rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə kafedra xeyli genişləndirilmiş, kadrların sayı artmış, elmi-tədqiqat işlərinin aparılması üçün şərait yaradılmışdır.
Mikrobiologiya və immunologiya fənni tibb institutunun bütün fakültələrində tədris edildiyindən, Elmi-Tədqiqat Mikrobiologiya İnstitutunda kafedra üçün ayrılmiş dərs otaqları azlıq edirdi. Buna görə, kafedra 1972-ci ildə yeni istifadəya verilən 4-cü tədris binasına köçürülmüşdür. Bu dövrdən kafedraya respublikanın əməkdar elm xadimi, prof. Nəriman Cəlil oğlu Əliyev (1911-2004) rəhbərlik edirdi. Professor N.C.Əliyevin səyi ilə kafedrada bakterioloji laboratoriyadan əlavə, virusoloji və immunoloji laboratoriyalar da təşkil edilmişdir. Bu, aparılan elmi-tədqiqat işlərinin əhatə dairəsini artırmış, tədris məşğələlərinin əyani vəsaitlərlə təchiz edilməsi sahəsində əsaslı dönüş yaratmışdır.
N.C.Əliyev Azərbaycan dilində "Tibbi mikrobiologiyanın əsasları" adlı ilk dərsliyin (1975-ci il) müəllifidir. Sonralar dərsliklərin nəşri yönumundə işlər davam etdirilmişdir. 1986-cı ildə N.C.Əliyev kafedranın əməkdaşlarından H.Ə.Qədirova və S.Q.Zeynalova ilə birlikdə "Tibbi virusologiya kursuna dair" tədris vəsaiti nəşr etdirmişdir.
1988-2003-ci illərdə kafedraya t.e.d., professor Hüseyin Həsən oğlu İbrahimov (1938-2003) rəhbərlik etmişdir. 1995-ci ildə onun Azərbaycan dilində "Tibbi mikrobiologiya" dərsliyi nəşr edilmisdir, 1998-ci ildə isə kafedranin bir qrup əməkdaşlarının (H.H.İbrahimov, S.Q.Zeynalova, İ.B.Əhmədov, A.Q.Bayramov) "Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair" tədris vəsaiti çapdan çıxmışdır.
2004-cü ildən etibarən kafedraya ə.e.x., t.e.d., professor Zakir Ömər oğlu Qarayev (1941-ci ildə anadan olmusdur) rəhbərlik edir. Bu dövrdə kafedrada tədrisin müasir səviyyədə yenidən təşkilinə və elmi-tədqiqat işlərinə böyük diqqət ayrılmışdır. Kafedrada mühazirələr və təcrübi məşğələlər kompyuter texnologiyasının tətbiqi ilə aparılır. Hazırda Universitetin Avropa təhsil sisteminə keçməsilə əlaqədar kafedrada müəyyən işlər görülməkdədir.
Professor Z.Ö.Qarayevin təşəbbüsü ilə «Azərbaycan tibbi mikrobioloqlar və immunoloqlar ictimai birliyi» təsis edilmiş, «İmmunitet və infeksiya jurnalı» dərc edilməyə başlamışdır. Professor Z.Ö.Qarayev 2007-cı ildə Rusiya Federasiyası Səhiyyə və Sosial inkişaf üzrə Federal Agentliyi, P.N.Kaşkin adına Elmi Tədqiqat Mikologiya İnstitutu və "Отечественные лекарства" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Vətən mikologiyasının inkişafındakı görkəmli xidmətlərinə görə" P.N.Kaşkin adina mükafatla təltif edilmiş və ona diplom təqdim olunmuşdur.
Kafedranın ünvanı. Az. 1078 Azərbaycan, Bakı, Mərdanov qardaşları küçəsi, 98; 4-cü tədris binası, III mərtəbə.
Tel: 0 12 440 17 32; Е-mail: tmik atu @box.az


Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.