AZ EN
Digər fakultələr
Hərbi tibb fakültəsi

Azərbaycan Respublikası Prezidentinin 25 may 2000-ci il tarixli 425-nömrəli sərəncamına əsasən Azərbaycan Tibb Universitetində Hərbi Tibb Fakultəsi yaradılmışdır. Hərbi tibbi təhsilin bütün formalarının Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində mərkəzləşdirilməsi məqsədi ilə Hərbi Tibb məktəbi də  Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakultəsinin nəzdinə verilmişdir.

Hərbi Tibb Fakültəsi aşağıdakı vəzifələri yerinə yetirir:

-  Silahlı Qüvvələrin tələbatına uyğun olaraq hərbi tibb kadrlarının diplomaqədərki  hazırlığını;  

-  adyunktura təhsili, hərbi elmi kadrların yetişdirilməsi;

- hərbi feldşerlərin hazırlanması.

Hərbi Tibb fakültəsinin hərbi həkim hazırlığı kurslarının   hərbi feldşer hazırlığı kurslarının kursantlarına tədris proqramının ardıcıllığına uyğun olaraq hərbi cərrahiyyə, hərbi terapiya, tibb xidmətinin təşkili və taktikası və tibbi profilaktika kafedralarında müvafiq fənnlər tədris edilir.

Fakültənin yeni tədris korpusunda müasir tibbi texnika, cihaz və mülyajlarla komplektləşdirilmiş simulyasiya kabinetləri fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və Müdafiə Nazirinin əmrinə müvafiq olaraq Azərbaycan Tibb Universitetinin  Hərbi Tibb Fakultəsində rezidenturada daha yüksək ixtisaslı hərbi həkim mütəxəssislərinin hazırlığı təşkil edilmişdir. Rezidenturada hərbi-həkim mütəxəssislərin hazırlığı ATU-nun HTF-nın bilavasitə rəhbərliyi ilə ixtisaslar üzrə Silahlı Qüvvələrin müvafiq tibb mərkəzlərində həyata keçirilir.

Kafedraların elmi-fəaliyyət planında elmi məqalələr, dərsliklər, monoqrafiyaların hazırlanması, dissertasiyalar və digər elmi işlər üzrə tədqiqatların aparılması nəzərdə tutulur. Kutsantların və rezidentlərin, təkmilləşmə kurslarının dinləyicilərinin elmi işə cəlb edilməsi tədris-tərbiyə prosesi ilə sıx əlaqədə qurularaq, onlarda sərbəst elmi axtarışlar aparmaq vərdişləri, elmi təfəkkür və yaradıcılıq qabiliyyəti aşılanır.

Hərbi Tibb Fakültəsində təlim–tərbiyə prosesində kursant və rezidentlərdə hərbi təbabət üzrə zəruri ixtisas bilikləri, bacarıq və mənəvi keyfiyyətlər, möhkəm hərbi intizam, fiziki dözümlülük, icraçılıq və  sıra qıvraqlığı  vərdişləri yaradılır.

Kursant və  rezidentlərlə təlim-tərbiyə işi fakültə rəhbərliyi, zabit-müəllim heyəti, kurs rəisləri, bölük və tağım komandirləri tərəfindən Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin tələbləri, Müdafiə Nazirinin, onun müavinlərinin əmrləri, direktivləri, Azərbaycan Tibb Universiteti və Hərbi Tibb Fakültəsinin Əsasnamələri, digər rəhbər sənədlər əsasında planlaşdırılır və aparılır.

 

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.