AZ EN
Digər fakultələr
Tibbi profilaktika fakültəsi

Tibbi profilaktika fakultəsi

Dekanın mesajı – Tibbi-profilaktika ixtisası - əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrətməklə, ətraf mühitdə olan risk amillərini, risk qruplarını və risk zonalarını aşkar edərək, əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik (qabaqlayıcı) tədbirlər sistemini işləyib hazırlamaqla insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir.

İctimai sağlamlığın qorunmasında profilaktika prioritet xarakter daşımaqla, daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir.

Tibbi-profilaktika fakültəsi məhz bu keyfiyyətlərə malik, dərin bilik və səmərəli bacarıqlara yiyələnmiş, ekoloji təhlükəsizliyi təmin edən həkimlər hazırlayır.

 

Tarixi - Azərbaycan Tibb İnstitutu təşkil edilərkən (1930-cu il), onun fakültələrindən biri sanitariya-profilaktika fakültəsi olmuşdur. İlk illər ərzində bu fakültədə qida gigiyenası, mənzil-kommunal gigiyena, istehsalat müəssisələrinin sanitariyası və epidemiologiya üzrə mütəxəssislər hazırlanırdı. 1932-ci ildə institutda tropik təbabət fakültəsi təşkil edilmiş və 1933-cü ildə həmin fakültə sanitariya-profilaktika fakültəsi ilə birləşdirilmişdir. Birləşmiş fakültə sanitariya-gigiyena fakültəsi adlandırılmışdır. 1936-cı ildə bu fakültə dövrün tələbi nəzərə alınmadan, yuxarı təşkilatların sərəncamı ilə bağlanmışdır. Lakin bu qərarın məqsədəuyğun olmadığı tezliklə özünü göstərmiş və 1938-ci ildən etibarən fakültənin fəaliyyəti bərpa edilmişdir. Çünki, o vaxtlar respublikada sanitariya həkimlərinə və epidemioloqlara böyük ehtiyac var idi.
1938-ci ildə sanitariya-gigiyena fakültəsinə 50 nəfər tələbə qəbul edilmiş, sonrakı illər ərzində tələbə qəbulu artırılmışdır. 1945-ci ildə fakültədə 529 tələbə təhsil alırdı.
Fakültəyə 1991-ci ildən etibarən «tibbi-profilaktika fakültəsi» adı verilmişdir.

Sanitariya-profilaktika fakültəsinin ilk dekanlarından biri prof.J.Y.Hüseynov olmuşdur. Sonrakı illər ərzində fakültəyə dosent N.J.Bağırov (1944-1949-cu illər); dosent A.O.Şıxlinski (1950); dosent Ə.H. Abdulov (1950-1962); dosent Ə.M.Məmmədov (1963-1966); prof.T.Ə.Tağızadə (1966-1968); dosent Ə.Ə.Əhmədov (1969); prof.Ə.M.Məmmədov (1969-1973); dosent Ş.N.Həsənov (1973-1980); dosent R.M.Yusifov (1981-1982); dosent Ə.T.Ağayev (1982-1985); dosent A.M.Məmmədov (1985-1992); prof.H.H. İbrahimov (1992-1995); dosent A.M.Məmmədov (1995-2017);  rəhbərlik etmişlər. 2017-ci ildə fakültənin dekanı vəzifəsinə t.ü.e.d., dosent A.Ə.Ağayev seçilmişdir.

 

Fakültənin tanıtımı - Hazırda tibbi-profilaktika fakültəsində 469 tələbə təhsil alır. Fakültədə 10 kafedra və Elmi Tədqiqat Mərkəzi fəaliyyət göstərir:

1. Uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası;

2. Kommunal gigiyena və qidalanma gigiyenası;

3. Mikrobiologiya və immunologiya;

4. Ümumi gigiyena və ekologiya;

5. İctimai sağlamlıq və səhiyyənin təşkili;

6. Epidemiologiya;

7. Azərbaycan dili;

8. Bioloji kimya kafedraları;

9. Ftiziatriya;

10.Yolxucu xəstəliklər;

11. Elmi Tədqiqat Mərkəzi.

 

Tibbi-profilaktika fakültəsi əməkdaşlarının qarşısında duran əsas elmi problem-əhalinin sanitariya-enidemioloji salamatlığının təmin edilməsinin əsaslarının öyrənilməsindən ibarətdir. Kafedraların əməkdaşları ölkədə ekoloji şəraiti yaxşılaşdırmağa xidmət edən elmi-tədqiqat işləri aparırlar. Ətraf mühitin istehsalat tullantıları ilə, aqrokimyəvi maddələrlə çirklənmə səviyyəsinin və əmək şəraitinin fizioloji-gigiyenik baxımdan qiymətləndirilməsinə, böyüməkdə olan gənc nəslin sağlamlıq vəziyyətinin və iş qabiliyyətinin öyrənilməsinə dair elmi-tədqiqatlar aparılır; əhaliyə tibbi yardımın təşkilinin əsasları tədqiq edilir; Bakı şəhərində irinli-iltihabi xəstəliklərin və xəstəxanadaxili yoluxmaların strukturu, Azərbaycanda bağırsaq infeksiyaları və invaziyalarının epidemiologiyası məsələləri öyrənilir. Bu tədqiqat işlərində tələbələr də iştirak edirlər.

 Tibbi-profilaktika ixtisasını bitirən məzunlar rezidenturada təhsil alaraq mikrobiologiya, epidemiologiya, infeksion xəstəliklər, gigiyena, laboratoriya işi, və sosial gigiyena və səhiyyənin təşkili  üzrə həkim kadrları hazırlanır.

Ali təhsil sahəsində Respublikamızın «Boloniya» prosesinə qoşulması ilə əlaqədar olaraq, 2008-ci ildən tibbi-profilaktika ixtisası üzrə tədris Avropa Kredit Transfer Sistemi əsasında təşkil edilmişdir.

Hazırda tibbi-profilaktika fakültəsinin professor-müəllim heyəti 197 nəfərdən ibarətdir. Bunlar arasında 20 professor, 82 dosent, 35 nəfər baş müəllim və 60 assistent fəaliyyət göstərir. 
Fakültədə əməkdaşların həmkarlar təşkilatı, tələbələrin həmkarlar təşkilatı, tələbə gənclər və idman təşkilatı, tələbə elmi cəmiyyəti, müxtəlif idman və özfəaliyyət bölmələri fəaliyyət göstərir. 

Ixtisas üzrə elmi şura, elmi-problem komissiya və metodik komissiya mövcuddur.

Əlaqə - e-mail: tibbi.prof@gmail.com

            Telefon: (994 12) 597 37 23

 

 

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.