AZ RU EN
Digər fakultələr
III cərrahi xəstəliklər kafedrası

III cərrahi xəstəliklər kafedrası (keçmiş I fakültə cərrahiyyəsi kafedrası) ilk olaraq Azərbaycan Dövlət Universitetinin tibb fakultəsinin nəzdində 1919-cu ildə təşkil edilmiş və kafedraya professor A.A.Oşman rəhbər seçilmişdir. O, 1930-cu ilə qədər kafedraya başçılıq etmişdir.

1930-1981-ci illərdə kafedraya akademik  M.A.Topçubaşov rəhbərlik etmişdir.

Eksperimental tədqiqatlar və çoxsaylı klinik müşahidələrin nəticəsi olaraq yeni metodika – inyeksion efir-yağ anesteziyası təklif edilmiş və sonradan M.A.Topçubaşovun kombinə edilmiş analgeziyası adı ilə anestezioloji praktikada geniş tətbiq edilməyə başlamışdır. Sonrakı illərdə həmin üsul travmatik şok və tetanus qıcolmaları zamanı, qoğuşun ağrısızlaşdırılması məqsədilə də istifadə  edilmişdir. Kafedranın elmi-tədqiqat işlərinin arasında öddaşı xəstəliyinin probleminin öyrənilməsi geniş yer almışdır.

Ikinci Dünya Müharibəsi dövründə klinika yaralıların və ordu sıralarında olan xəstələrin müalicəsində aktiv iştirak etmişdir. М. А. Тоpçubaşov Azərbaycan SSR-i Səhiyyə Nazirliyinin Evakohospital İdarəsinin baş cərrahı və neyrocərrahiyyə hospitalının məsləhətçisi təyin olunmuşdur. Kafedranın bir çox əməkdaşı istərsə cəbhədə, istərsə də hospitallarda aktiv çalışmışlar.

Müharibə illərində klinka cəbhədə alınmış travmalarla bağlı araşdırmaları və ətrafların periferik sinirlərinin güllə yaralanmalarından sonrakı zədələnməsini əhatə edən problemlər üzərində işləmişdir. Sinirlərin regenerasiyasını yaxşılaşdırmaq məqsədilə əməliyyatdan sonra mum-parafin tubajının aparılması təklif edilmişdir. Kəllə sümüklərinin defektlərini örtmək üçün kranioplastika üsulu – M.A.Topçubaşov tərəfindən sümük loskutları təklif edilmiş və klinik təcrübədə tətbiq edilmişdir. Klinikada metal yad cismlərin yerləşməsini dəqiq təyin etməyə və onu xaric etməyə imkan verən xüsusi qurğu hazırlanmışdır.

1946-cı ilin sonunda kafedranın nəzdində eksperimental şöbə yaradılmış və heyvanlarda qaraciyər, portal sistem, dalaq, mədəaltı vəzi, ətrafların magistral damarlar üzərində minlərlə eksperimental əməliyyat icra olunmuşdur.

Klinka kollektivinin məşğul olduğu vacib problemlərdən biri də portal hipertenziya olmuşdur. 1935-ci ildə M.A.Topçubaşov tərəfindən malariya splenomeqaliyasının müalicəsinə dair doktorluq dissertasiyası müdafiə olunmuşdur. Həmçinin, profuz qastroduodenal qanaxmalarla nəticələnən portal hipertenziya zamanı kompleks operativ üsullar təklif edilmişdir. 1951-1965-ci illərdə aparılmış tədqiqatların nəticələri “Portal hipertenziyanın cərrahi müalicəsi” monoqrafiyasında  (1961) öz əksini tapmışdır.

Kafedranın elmi-tədqiqat işində xərçəng xəstəliklərinin, xüsusilə də mədəaltı vəzinin və Fater məməciyinn xərçənginin öyrənilməsinə xüsusi yer verilmiş və pankreatoduodenal rezeksiyanın yeni modifikasiyası təklif edlimişdir. 1963-cü ildə t.e.d., professor M.A.Topçubaşovun “Mədəaltı vəzinin və Fater məməciyinin xərçənginin müalivəsi” monoqrafiyası işıq üzü görmüşdür.

1950-ci ildə kafedrada abdominodiafraqmal kəsik işlənib hazırlanmlş və geniş istifadə edilmişdir. Sonralar lümbo-diafraqmal kəsik də təklif edilmişdir.

Klinikada uzun borulu sümüklərin sınıqlarında sümükdaxili fiksasiya geniş istifadı olunmağa başlamış və Sovetlər birliyində ilk dəfə olaraq Azərbaycanda, bu klinikada ştiftləmə üsulu təcili cərrahiyyədə tətbiq edilməyə başlamışdır.

Kafedra müdiri M.A.Topçubaşov tərəfindən qırx illik müşahidələrin nəticələrinə əsasən beş cildlik “Xüsusi Cərrahiyyə” kitabı yazılmış və çap etdirilmişdir. Əməkdaşlar tərəfindən “Kliniki terminlər lüğəti”, “Qaraciyər və öd yollarının cərrahi xəstəlikləri”, “Xroniki appendisit”, “Diafraqma altında  yerləşən orqanlara operativ yollar”, “Obliterasiyaedici endoarteriit zamanı yüksək bel simpatektomiyası” və digər monoqrafiyalar çap etdirilmişdir (Ə.P.Əliyev, Ə.Ə.Abbasov, Ə.Ə.Əhmədov, A.S.Hüseynov). 1930-1980-cı illər ərzində kafedra əməkdaşları tərəfindən 29 namizədlik, 11 doktorluq dissertasiyaları müdafiə edilmiş, 12 dərs vəsaiti, 800-dən artıq elmi məqalələr çap etdirilmiş, 20-dən artıq monoqrafiya yazılmışdır (H.Paşayev, E.Rəhimov, B.R.Baxşəliyev, Z.A.Tahirova, Ş.X.Əliyev, A.B.Şadlinski, G.Kərimova, T.Burtikova, Q.Hüseynov, Ə.Ə.Abbasov, A.S.Hüseynov, F.Axundov, R.Salayev, D.Şəfiyeva, R.Aslanzadə, H.Əmiraslanov, İ.Qafarov, Z.Ağabəyli).

Akademik M.A.Topçubaşovun vəfatından sonra 1981-1983-cü  illərdə  kafedraya müdir əvəzi professor Əliyev Ə.P. rəhbərlik etmişdir.

1983-1994-cü  illərdə isə   kafedra müdiri vəzifəsində Prof. Kərimov  H.M.  çalışmışdır. Professor H.M.Kərimovun rəhbərlik etdiyi  dövrdə kafedrada cərrahi qastroenterologiyanın bir sıra problemlərinə xüsusən mədə və 12 barmaq bağırsaq xoraları münasibətilə üzv saxlayıcı əməliyyatlara aid çoxsaylı tədqiqat işləri aparılmışdır.

1994-2003-cü  illərdə   kafedraya  Prof. Ağayev İ.N. başçılıq etmişdir.

Bu illərdə  kafedra əməkdaşları Elmi Tədqiqat Mərkəzi ilə əlaqəli tədqiqat işləri aparmışlar. Həmin dövr üçün kafedra əməkdaşları əsasən peritonitin  müalicəsini optimallaşdırmaq istiqamətində eksperimental və kliniki tədqiqatlar  apararaq, namizədlik dissertasiyaları müdafiə etmişlər (Y.Q.Əliyev, Ə.H.Əliyev, V.Ə.Rəhimov). Eksperimental və kliniki müşahidələrin nəticələrinə əsaslanaraq “Peritoneal intoksikasiya” adlı monoqrafiya çap etdirilmişdir (Q.Ş.Qarayev, Ş.X.Əliyev, Y.Q.Əliyev).

Çox illik müşahidələrin nəticələrinə əsaslanaraq kafedra əməkdaşlarından B.R.Baxşəliyev, E.M.Rəhimov doktorluq dissertasiyaları müdafiə etmişlər.

B.R.Baxşəliyev tərəfindən “Qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəlikləri” adlı monoqrafiyası çap etdirilmişdir.

2004-2015-ci illər ərzində kafedraya professor Ə.M.Məmmədov rəhbərlik etmişdir. Bu illər ərzində kafedra əməkdaşlarının əsas elmi-tədqiqat işləri qarın boşluğu üzvlərinin kəskin cərrahi xəstəlikləri və endotoksikoz probleminə həsr olunmuşdur.       

         Kafedra əməkdaşları tərəfindən xarici və yerli mətbuat səhifələrində 10 ildə  314 elmi məqalə, 3 monoqrafiya, 10 metodiki tövsiyyə, 3 dərslik çap etdirilmiş, 4 patent alınmışdır.

Bu illər ərzində kafedranın əməkdaşlarından Vəliyev N.Ə. doktorluq dissertasiyası, Rəhimov V.Ə., Əliyev Ə.H., Ramazanov C.N., Məmmədov R.A., Eyvazova K.Ə. namizədlik dissertasiyalarını müdafiə etmişlər.

1944 - cü ilin əvvəllərində tələbələrin sayının getdikcə artması ilə əlaqədar olaraq  Azərbaycan Dövlət Tibb Institutunda bir sıra yeni kafedraların yaranması zərurəti meydana çıxmışdır.

Bu məqsədlə 1944 -cü ildə yeni yaradılan cərrahi xəstəliklər kafedrası akademik M.A.Topçubaşovun rəhbərlik etdiyi fakultə cərrahiyyəsi  kafedrasından ayrılaraq Pediatriya fakultəsinin cərrahi xəstəliklər kafedrası adı altında fəaliyyət göstərməyə başlamışdır. Yeni yaradılan kafedraya rəhbərlik akademik M.A.Topçubaşovun ən bacarıqlı şagirdlərindən biri olan 33 yaşlı tibb elimləri doktoru Fuad Ələddin oğlu Əfəndiyevə tapşırılmışdır.

1944-cü ildən 1949-cu ilə qədər kafedra Semaşko adına 1 №-li şəhər klinik xəstəxanasında fəaliyyət göstərmişdir. 1949-cu ildən etibarən kafedra     4 №-li şəhər klinik xəstəxanasının cərrahi klinikasına köçürülmüşdür.

Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı illərdə elmi-tədqiqat işləri və müalicə prosesi əsasən yaralılara və yaralanmaların fəsadları ilə əlaqədar xəstəliklərin müalicəsinə yönəldilmişdir.

Müharibədən sonrakı illərdə prof. F.Ə.Əfəndiyev kafedrada köks qəfəsi cərrahiyyəsinin əsasını qoymuş və burada təkcə yaralanmaların fəsadları ilə deyil, həm də ağciyər vərəminin cərrahi müalicəsi, plevranın empiyeması və ağciyərin irinli-iltihabı proseslərinin müalicəsi ilə məşğul olmuşdur.

Professor F.Ə.Əfəndiyevin bilavasitə rəhbərliyi altında kafedrada demək olar ki, ilk dəfə ürək cərrahiyyəsinin, cərrahi - hematologiyanın əsası qoyulmuş və sonradan bu sahələr ayrı-ayrı elmi-tədqiqat institutları kimi inkişaf etmişdir.

Kafedrada ilk dəfə ürək və magistral damarlar üzərində rekonstruktiv cərrahi əməliyyatlar aparılmış, müasir anesteziolokiyanın və eksperimental cərrahiyyənin əsası qoyulmuşdur.

Prof.F.Ə.Əfəndiyevin rəhbərliyi altında klinikada bir sıra yeni original üsullar tədbiq edilmişdir.Hematorakslar zamanı onun təklif etdiyi "ekspress" metod böyük nəzəri və praktiki əhəmiyyətə malik olduğundan akademik N.N.Burdenko adına mükafata layiq görülmüşdür.

O, beynəlxalq cərrahlar assosasiyasının həqiqi üzvü, beynəlxalq hematoloqlar cəmiyyətinin üzvü seçilmişdir.Dəfələrlə Azərbaycan və o vaxtı Sovetlər Ittifaqının elmini müxtəlif beynəlxalq simpozium və qurultaylarda: İngiltərədə, İtaliyada, Avstraliyada və s. ölkələrdə təmsil etmişdir.

Prof. F.Ə.Əfəndiyev öz əməkdaşları Quliyeva X.Ç., Rzayev N.M., Kərimov H.M., Xanəliyev N.M., Məlikova M.X., Qiyasbəyova S.İ. və  başqaları ilə birlikdə cərrahiyyənin müxtəlif sahələrinə həsr olunmuş elmi əsərlərlə çıxış etmişdir.

Fuad Ələddin oğlu Əfəndiyev 20 sentyabr 1963-cü ildə 54 yaşında həyat və elmi fəaliyyətinin çiçəkləndiyi bir dövrdə dünyasını dəyişdi.

F.Ə. Əfəndiyev qısa elmi fəaliyyəti dövründə 200-dən artıq elmi əsər, 3 monoqrafiya, 2 səmərələşdirici təklif dərc etdirmişdir. Respublika tibb aləmi üçün 9 tibb elmləri doktorları, 14 tibb elmləri namizədləri hazırlamışdır.

1964-1973-cü illərdə kafedraya prof. Tahirov Aslan Nəzər oğlu rəhbərlik etmişdir. A.N.Tahirovun rəhbərliyi altında kafedrada pedaqoji və müalicəvi işlərlə yanaşı elmi-tədqiqat işləri də aparılmışdır(qarın boşluğu üzvlərinin müxtəlif xəstəliklərində qanın laxtalanma sisteminin öyrənilməsi, müharibədən sonrakı dövrdə hərbi zədələnmələrin fəsadlarının müalicəsi, qaraciyər və öd yollarının cərrahi xəstəlikləri, yanıqların müalicəsi və s.).

Prof A.N.Tahirovun Böyük Vətən müharibəsi dövründə qazandığı zəngin təcrübə kafedranın əməkdaşları üçün dəyərli elmi və praktiki məktəbə çevrilmişdir. Prof. A.N. Tahirov 130-dan artıq elmi əsərin, 2 metodik vəsaitin və çoxlu əməli təkliflərin müəllifi olmuşdur.

Prof A.N. Tahirovun vəfatından sonra kafedraya rəhbərlik üçün prof. Quliyeva Xurşud Cəmil qızı seçilir.

Prof. Quliyeva X.C 1970-1980-ci illərdə kafedraya rəhbərlik etmiş və bu dövrdə prof. F.Ə. Əfəndiyevin və prof A.N. Tahirovun başlayıb apardıqları elmi-metodik istiqamətləri davam etdirərək kafedranın elmi tematikasını cərrahi endokrinolokiyaya aid elmi axtarışlarla zənginləşdirir.

Prof. X.C Quliyeva 100-dən artıq elmi əsərin müəllifidir.Onun rəhbərliyi altında 2 doktorluq və 2 namizədlik dissertasiyaları yerinə yetirilmişdir.

Sonrakı 10 il müddətində (1980-1991-ci illər) kafedraya ə.e.x.professor Quliyev Şamil Bəşir oğlu rəhbərlik etmişdir.Bu dövrdə kafedranın ümumi elmi problemləri periferik damarların patalogiyası, onların şəkər xəstəliyi fonunda ağırlaşmaları və i.a./ öyrənilməkdə davam etdirilir.Bundan əlavə kafedranın əməkdaşları institutun elmi - tədqiqat labaratoriyası və patofizologiya kafedrasının əməkdaşları ilə birlikdə geniş elmi tədqiqat axtarışlarına girişərək müxtəlif mənşəli peritonitlərin müalicəsində böyük əhəmiyyəti olan endolimfatik müalicə üsullarını eksperimental olaraq işləyib, araşdırılır və klinik təcrübəyə tətbiq edirlər.

Kafedra əməkdaşlarının hərbi səhra cərrahiyyəsi sahəsində dərin nəzəri bilikləri və geniş təcrübəsini nəzər alaraq institut rəhbərliyi hərbi səhra cərrahiyyəsi üzrə tədris saatlarının bu kafedrada aparılmasını məsləhət bilir. Kafedrada tələbələrin sayının artması ilə əlaqədar Respublika klinik xəstəxanasının cərrahi şöbəsi əlavə baza kimi kafedranın ixtiyarına verilir.

10 ildən artıq kafedraya rəhbərlik etmiş prof. Quliyev Ş.B. 120-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 3 metodik vəsaitin müəllifidir.

1991-ci ildə kafedraya rəhbərlik üçün professor Nəsirov Məmməd Yəhya oğlu seçilir. Həmin ildən başlayaraq klinikada praktik cərrahiyyə nöqteyi nəzərindən yeni canlanma dövrü başlanır.Qısa müddətdə cərrahiyyə bloku yenidən qurulur, yeni avadanlıq və cərrahi alətlərlə təchiz olunur.

Klinikanın elmi tematikası: şəkərli diabet fonunda periferik damarların angiopatiyası, aşağı ətraf arteriyalarının obliterasiyaedici xəstəlikləri və onların fəsadları, müxtəlif mənşəli peritonitlərdə endolimfatik müalicə üsullarının daha geniş tədbiqi və elmi əsaslandırılması ilə bərabər qaraciyər, öd yolları, mədə və 12 barmaq bağırsaq sisteminin patalogiyası və onların fəsadlarının cərrahi müalicəsi istiqamətində mühüm işlər aparılır. Bundan başqa,, əlaqədar kafedralar, institutlar və labaratoriyalarla birlikdə / Tibb Universitetinin Elmi - Tədqiqat Mərkəzi, Mikrobiologiya, farmakalogiya, sitologiya, embriologiya və histalogiya kafedraları və Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu və s./ müştərək elmi - tədqiqat işlərinin aparılması təşkil edilir.

Professor M.Y.Nəsirovun bilavasitə iştirakı və rəhbərliyi altında klinikada mədə və 12 b. bağırsaq xoralarının cərrahi müalicəsində mütərəqqi üsulların tədbiqi və eləcə də cərrahi əməliyyatın texnikası sahəsində bir sıra metodiki və səmərələşdirici təkliflər işlənib hazırlanmışdır.

Klinikada yeni istiqamət kimi başlanan  və Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə  müştərək aparılan elmi axtarışlar mədə və 12 b. bağırsağın xora xəstəliyinin patogenezinə yeni baxışların və münasibətlərin meydana gəlməsinə, Tibb Universitetinin farmakologiya kafedrasının əməkdaşları ilə aparılan axtarışlar isə cərrahi əməliyyatlardan sonra xəstələrin optimal qidalanması üçün yeni “Empid” adlı preparatın yaradılmasına gətirib çıxarır, bu da Dövlət reyestrindən keçərək Patentə layiq görülür.

Kafedrada elmi və praktik işlərin yeni istiqamətləri ilə bərabər tədris prosesində də dəyişikliklər baş verir. Kafedranın elmi, praktiki və kadr potensialının güclənməsi ilə əlaqədar olaraq əvvəlki illərdən fərqlənərək universitetin müalicə - profilaktika fakultəsinin tələbələri / subordinatorlar / və həkim - internlər kafedrada tədris prosesinə cəlb olunurlar.

Beləliklə başlanğıcda / 1944-cü il / 2 nəfər əməkdaşı olan kafedra uzun mürəkkəb yol keçərək 2015-ci ilə qədər pedoqoji, elmi, praktiki və mənəvi nöqteyi - nəzərdən möhkəm və sağlam ailə şəklində formalaşaraq 36 nəfərlik bir kollektivə çevrilmişdir. O cümlədən 2 əməkdar elm xadimi, 7 professor, 8 dosent, 19 assisent, baş laborantlar, aspirant, klinik ordinatorlar, dissertantlar, rezidentlər və s.

Fəaliyyət göstərdiyi müddətdə  kafedrada 22 tibb elmləri doktorlari, 40-dan artıq tibb elmləri namizədləri yetişmişdir.Kafedranın əməkdaşları tərəfindən 2500-dən yuxarı elmi əsər nəşr etdirilmiş, 24 monoqrafiya işıq üzü görmüş, 25 səmərələşdirici təklif və 70-ə qədər metodik vəsait dərc olunmuşdur.

Ə.e.x.professor M.Y.Nəsirovun rəhbərliyi altında kafedranın əməkdaşları tərəfindən Tibb Universitetinin tələbələri, Həkimləri Təkmilləşdirmə institutunun dinləyiciləri və praktiki cərrahlar üçün "Cərrahi xəstəliklər", "Hərbi Səhra cərrahiyyəsi", "Cərrahiyyə" Azərbaycan və ingilis dillərində  dərsliklər və dərs vəsaitləri, o cümlədən Azərbaycanca - rusca - ingiliscə - fransızca - ərəbcə tibbi danışıq kitabları dərc etdirmişlər.

Kafedrada bir qayda olaraq daim tələbə - elmi cəmiyyəti fəaliyyət göstərir. Kafedranın əməkdaşları müxtəlif dövrlərdə Azərbaycan Tibb Universitetinin, eləcə də Respublikanın müxtəlif elmi strukturlarında müxtəlif vəzifələri tutmuş və indi də tutmaqdadırlar.

Ə.e.x., prof. F.Ə.Əfəndiyev (Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Respublika Səhiyyə nazirliyinin Elmi-Tədqiqat Hematologiya institutunun ilk direktoru).

Ə.e.x., prof. Ş.B.Quliyev (Azərbaycan Tibb Universitetində fakultə dekanı, Cərrahiyyə üzrə problem komissiyasının sədri).

Ə.e.x., prof. M.Y.Nəsirov (Azərbaycan Tibb Universitetində dekan müavini, fakultə dekanı, Universitetin Xarici Əlaqələr üzrə prorektoru, Respublika Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədri, Səhiyyə Nazirliyinin baş cərrahı, Azərbaycan Respublikası Elm və Texnika komitəsində Elmi-Tibbi Şuranın sədr müavini və sədri, Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının sədr müavini).

O, Beynəlxalq cərrahlar Assosasiyalarına üzv seçilmiş, Respublikamızda dərc olunan " Azərbaycan Tibb Jurnalı",  "Cərrahiyyə", "Sağlamlıq", "Hepar", "Kimya, Biologiya, Tibb" və bir sıra beynəlxalq jurnallarının redaksiya heyətlərinə üzv seçilmiş, Beynəlxalq tibb assosasiyaları və Universitetlərinin fəxri diplomları və medalları ilə təltif edilmişdir. Müxtəlif illərdə Azərbaycan tibb elmini dünyanın müxtəlif ölkələrində Rusiyada, Ukraynada, Belarusda, orta Asiya ölkələrində, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, İtaliyada, Polşada, Türkiyədə, İranda, Gürcüstanda, İsveçdə, Niderlandda, Avstraliyada və s. ölkələrdə keçirilən beynəlxalq və regional konfranslarda təmsil etmişdir.

Prof. Ş.F.İbrahimli (Respublika Prezidenti yanında AAK-nin Təbabət üzrə ekspert komissiyasının elmi katibi, Azərbaycan Tibb Universitetində Cərrahiyyə üzrə problem komissiyasının sədri, doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının elmi katibi).

Prof. İ.T.Axundov (Respublika Prezidenti yanında AAK-nin Təbabət üzrə ekspert komissiyasının elmi katibi).

Prof. D.M.Pənahov (ATU-nun Tədris Cərrahiyyə klinikasında direktor müavini).

Professor Iskəndərov F.İ. (ATU-nun I müalicə-profilaktika fakultəsinin Elmi Şurasının üzvü), dosent Əliyev Ş.X. (ATU-nun İstehsalat təcrübəsi üzrə dekanı), dosent Sultanov Ə.P. (ATU-nun I müalicə-profilaktika fakultəsinin dekan müavinı), dosent Əhmədov Q.X. (Universitetin Cərrahiyyə Klinikasında Tədris Treninq Mərkəzinin rəhbəri), Nəbiyeva E.V.(I MPF-də dekan müavini)  universitetin ictimai həyatında fəal iştirak edirlər. 

Ölkəmiz müstəqillik qazandığından sonra təhsil proqramlarında gedən dəyişikliklərlə əlaqədar Universitetin kafedralarında müəyyən struktur dəyişikliklərin aparılmasına ehtiyac duyulur. Buna görə hələ 1944-cü ildə bir-birindən ayrılaraq 70 ildən artıq bir dövrdə paralel fəaliyyət göstərən iki cərrahi xəstəliklər kafedralarının birləşməsi zəruriyyəti meydana çıxır.

Bu məqsədlə  Azərbaycan Tibb Universiteti rektorunun əmri ilə III cərrahi xəstəliklər kafedrası və pediatriya fakultəsinin cərrahi xəstəliklər kafedrası birləşdirilərək akademik M.A.Topçubaşov adına III cərrahi xəstəliklər kafedrası adı altında öz fəaliyyətini davam etdirir. Kafedraya ümumi rəhbərlik isə ə.e.x.professor M.Y.Nəsirova həvalə olunur.

Kafedra əməkdaşlarından dos. Həmzəyev S.M., dos. Hacıyev S.H., dos. Rəhimov V.Ə., dos. Ramazanov C.N., ass. Abdullayev M.M. doktorluq dissertasiyaları üzərində, Fərəcli V.F., Rüstəmova A.B., Abdullayev A.C., Rəhimli Ş.İ., Qasımova K.F., Ələkbərova S.Ə., Abbasəliyev R.B., Məmmədova E.T., Məhərrəmov T.A., Mustafayeva G.T., Qasımov R.Q., Həsənov R.Z., Abbasəlieva P.M., Qırxlarova A.S. isə namizədlik dissertasiyaları üzərində çalışırlar.

Hazırda kafedranın bütün əməkdaşları sağlam bir ailədə birləşərək mətinlik göstərir, bütün bacarıq və imkanlarından istifadə edərək tədrisin keyfiyyətcə yaxşılaşmasına, hazırki dövrdə tələbələrin mənəvi saflığının onlarda milli şüurunun formalaşmasına və Azərbaycan tibb elminin daha da zənginləşməsi və yüksəlməsi üçün səylə çalışırlar.

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.