AZ RU EN
Digər fakultələr
Uşaq cərrahlığı kafedrası

1938-ci  ildə N.Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb  İnstitutunda Pediatriya  fakultəsi açılmış  və  elə həmin ildə  də  uşaq cərrahlığı kafedrası  təşkil  olunmuşdur.  Kafedraya  prof. İssak Solomonoviç  Qinzburq rəhbərlik  etmişdir.  İ.S.Qinzburq böyük alim  və  geniş  diapazona  malik  bir cərrah  idi. O, 1924-cü  ildə «Fəqərə  sütununda  plastiki əməliyyatlar» mövzusunda  doktorluq  dissertasiyasına  görə  Azərbaycanın əməkdar elm xadimi  kimi  yüksək ada  layiq  görülüb. Kafedra  ilk  dəfə  təşkil olunarkən 3 nəfər əməkdaşdan – kafedra  müdiri  professor İ.S.Qinzburqdan, dosent A.Qəmbərovdan və  assistent R.Q.Əkbərovdan  ibarət olub. Kafedranın yarandığı  gündən  professor İ.S.Qinzburq  pediatriya fakultəsində  azərbaycan  və  rus dillərində  uşaq  cərrahlığının  tədrisini təşkil  etmişdir. Kafedra  yaranan ilk  günlərdən  uşaqlara  travmatoloji, o cümlədən yanıqlar  zamanı, irinli  plevritlər, subtropik  xəstəliklərin  fəsadları (malyariya), sulu  xərçəng, skarlatinanın ekstrabukal problemləri, yenidoğulmuşların  inkişaf  qüsurları  və s. problemlərlə ətraflı  məşğul olmağa  başlamışdır. Kafedra  uşaqlara cərrahi  və  travmatoloji  praktiki  yardımı  göstərməklə  bərabər  həm də  elmi –tədqiqat metodik-təşkilati işləri də  həyata  keçirirdi. Ancaq 1941-ci  ildə  Böyük  Vətən  müharibəsinin başlanması  ilə  əlaqədar  olaraq uşaq cərrahlığı  kafedrasının istər  praktiki, istərsə də  elmi-tədqiqat  işlərinin  intensivliyi nəzərəçarpacaq  dərəcədə azalmağa  başladı. Bu, hər şeydən  əvvəl  onunla  əlaqədar idi  ki,  travmatologiya şöbəsi, müharibənin ilk  günlərindən  Qızıl Ordunun yaralı  əsgərlərinə  xidmət göstərən təliqə hospitalına  çevrilmişdir. Digər tərəfdən respublikada  olan   cərrahlar, o cümlədən uşaq  cərrahları  dosent A.Qəmbərov, assistent Qlikşteyn, Q.Məmmədov cəbhəyə səfərbər olunmuş  və  müharibədə Vətən  yolunda  şəhid  olmuşlar. Böyük  Vətən  müharibəsi qurtardıqdan  sonra  uşaq  cərrahlığı  kafedrası öz  işini  yenidən canlandırmağa  başladı. Qeyd  etmək  lazımdır ki, İttifaqın Ali təhsil  üzrə  Komitəsinin və Azərbaycan  respublikası Səhiyyə  Nazirliyinin xüsusi  qərarı  ilə  pediatriya  və  sanitar-gigiyena fakultələrində  hospital cərrahlığının   tədris  olunması  da  uşaq  cərrahlığı  kafedrasına həvalə  olundu. Bu  isə əməkdaşların sayının  artmasına  və elmi-tədqiqat işlərinin  planlaşdırılmasına  böyük  təkan  verdi. Belə  ki, kafedrada  odlu  silah  yaralanmalarının  fəsadlarının, osteoxondritlərin, döş qəfəsinin perixondritlərin, yara distrofiyalarının, qarın  və  döş  boşluğu üzvlərinin  odlu  silah  yaralanmalarının, fəsadlarının yaxın və  uzaq nəticələri  və  s. məsələlərlə ətraflı məşğul  olmağa  başladı. 1952-ci ildə  uşaq  cərrahlığı  kafedrası  Semaşko  adına xəstəxanaya  60  çarpayılıq   şöbəyə  köçürülmüşdür.

 1946-cı  ildən  başlayaraq   uşaq  cərrahlığı  kafedrası  müharibənin ağrı-acısını  görmüş dosent, assistent, ordinatorlarla  öz  sıralarını möhkəmləndirməyə  başladı. Kafedranın  elmi  və  praktiki bərpa  olunmasında, İ.S.Qinzburqun elmi rəhbərliyi  altında  uşaq   cərrahlığı  üzrə  ilk  namizədlik  dissertasiyası  müdafiə  etmiş  dosent   R.Q.Əkbərovun və  Ə.M.Əlizadənin  böyük  xidmətləri olmuşdur. Professor İ.S.Qinzburqun elmi rəhbərliyi altında  Ə.M.Əlizadə  və N.Y.Axundov namizədlik  və  doktorluq, M.A.Lyaş, E.B.Qelfqard, J.Ş.Xəlilov, M.B.Vəzirəliyev, A.M.Mustafayev isə  namizədlik  dissertasiyalarını  müdafiə  etmişlər.

1970-ci ildən isə uşaq cərrahiyyəsi  hospital cərrahiyyəsindən ayrılaraq  sərbəst fəaliyyət göstərməyə  başlamışdır. 1970-1976-cı illərdə  kafedraya  rəhbərliyi tibb  elmlər  doktoru, professor Ə.M.Əlizadə  etmişdir. O,1939-cu ildə N.Nərimanov adına  ADTİ-nun  müalicə-profilaktika  fakultəsini bitirmişdir. Böyük  Vətən  müharibəsinin   ilk  günlərindən  sonunadək cəbhənin ön sıralarında olan Ə.M.Əlizadə  müharibədən  sonra yenidən  kafedraya  qayıdıb. 1949-cu ildən namizədlik, 1964-cü  ildə  isə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. Ə.M.Əlizadə kafedranın  assistenti, dosenti, professoru  və 1970-ci  ildən 1976-cı  ilə  kimi isə  kafedranın müdiri işləmişdir. Ə.M.Əlizadə  elmi-pedaqoji  fəaliyyətlə  yanaşı  böyük  ictimai işlə də məşğul olurdu. O, Azərbaycan  uşaq cərrahlar  cəmiyyətinin sədri, ümumittifaq cərrahlar  cəmiyyətinin  üzvü, N.Nərimanov  adına ADTİ-nin  tədris   işləri üzrə prorektoru  işləmişdir. Professor Ə.M.Əlizadə 100-dən  çox   elmi əsərin, ilk «Uşaq cərrahlığı» (1968) dərsliyinin  və  «Klinik  cərrahlıq»  kitabının müəllifidir. Onun  rəhbərliyi  altında  bir neçə  namizədlik  dissertasiyası  müdafiə  olunmuşdur. Ə.M.Əlizadə  1976-cı  ildə 61 yaşında  qəflətən kəskin  ürək çatışmamazlığından  vəfat etmişdir.

1977-ci  ildə  uşaq  cərrahlığı kafedrasının  müdiri  vəzifəsinə  tibb  elmləri doktoru,  professor B.S.Babaşov  seçilmişdir. Professor B.S.Babaşov 1929-cu ildə  fəhlə  ailəsində  doğulmuşdur. O,  1952-ci  ildə N.Nərimanov  adına  ADTİ-nun pediatriya fakultəsini  bitirmişdir. Komsomolun  göstərişi  ilə  Kazaxıstan şəhərinə  işə  göndərilmişdir. B.S.Babaşov Kazaxıstanda kənd  xəstəxanasında  ordinatorluqdan böyük Elmi-tədqiqat Eksperimental Cərrahiyyə Institutunun   şöbə  rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. O, Kazaxıstanın  keçmiş paytaxtı  Alma-Ata  şəhərində  Eksperimental  və Klinik cərrahiyyə  institutunda  namizədlik  və  doktorluq dissertasiyası müdafiə  etmişdir. B.S.Babaşov  geniş diapazona malik  bir cərrah idi. Onun  əsas  fəaliyyəti döş boşluğu  üzvlərinin cərrahi xəstəliklərinin  müalicəsi olimuşdur. Rəhbərliyi  altında 5 namizədlik  dissertasiyası  müdafiə  edilmişdir. Onun  2  monoqrafiyası  və  170-dən  çox  elmi məqaləsi çap  ounmuşdur.  1995-ci  ildə  səhəti  ilə  əlaqədar  olaraq  B.S.Babaşov öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad edilmişdir.

1996-cı  ildən  kafedra müdiri  vəzifəsinə  tibb elmləri  doktoru , professor Ç.B.Quliyev  seçilmişdir. Ç.B.Quliyev 1941-ci  ildə  ziyalı  ailəsində  anadan olmuşdur. 1968-ci ildən N.Nərimanov  adına  Azərbaycan  Dövlət Tibb  İnstitutunun müalicə-profilaktika fakultəsini  bitirmişdir. O, klinik  ordinaturanı və  aspiranturanı  Leninqrad  şəhərində  bitirmiş  və 1973-cü  ildə «Uşaqlarda kəllə-beyin  travmasının kəskin  və  uzaq  nəticələrinin  klinika , diaqnostika  və  müalicəsi» mövzusunda  namizədlik dissertasiyası  müdafiə  etmişdir. Ç.B.Quliyev  1974-cü ildə N.Nərimanov  adına  ATU-nun uşaq cərrahlığı  kafedrasına assistent,1976-cı  ildə  isə həmin  kafedranın  dosenti  seçilmişdir. 1982-1984-cü illərdə  Leninqrad Pediatriya  İnstitutunun  uşaq cərrahlığı  kafedrasında doktoranturada olmuş və 1984-cü ildə «Uşaqlarda  qarın boşluğu  üzvlərinin kəllə-beyin  travması  ilə  müştərək zədələnmələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 1985-ci ildən 1995-ci ilə kimi  N.Nərimanov  adına  ATU-nun  uşaq  cərrahlığı  kafedrasının   professoru , 1996-cı  ildən  isə  həmin   kafedranın   müdiri  işləmişdir. O, 290-dan  çox elmi  əsərin, o cümlədən «Uşaq cərrahlığı» dərsliklərinin (2000,2005), «Uşaqlarda qarın  boşluğu  üzvlərinin travmatik  zədələnmələri», «Uşaq  travmatologiyası» 2004, «Uşaqlarda  exinokokkoz xəstəliyi» 2004, «Uşaqlarda  kəllə-beyin  travmaları» 2007 monoqrafiyalarının, «Uşaqlarda cərrahi  patologiyaların  atlası»2007, 7 tədris-metodik  vəsaitin, 12 metodik-tövsiyyələrin, 1 ixtiranın  7 səmərələşdirici  təklifin  müəllifidir. Onun  rəhbərliyi  altında  çoxsaylı namizədlik və doktorluq  dissertasiya  yerinə  yetirilmişdir. Professor Ç.B.Quliyev elmi praktiki fəaliyyəti ilə  bərabər böyük ictimai fəaliyyətlə də  məşğul olur. O, 1986-cı ildən 2013-cı ilə  kimi  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin baş uşaq   cərrahı, müxtəlif illərdə  Səhiyyə Nazirliyinin  Cərrahiyyə üzrə Problem Komissiyasının sədri, Azərbaycan  cərrahlar cəmiyyəti, Respublika cərrahlarının attestasiyasının, ATU-nun cərrahiyyə üzrə Problem Komissiyasının, Səhiyyə Nazirliyinin  Elmi Şurasının, Respublika Ali Attestasiya Komissiyasının doktorluq  və  namizədlik dissertasiyasının müdafiə şurasının Pediatriya  fakultəsinin və  Böyük  Elmi Şuranın, Universitetin  Metodik  Şurasının, «Cərrahiyyə»,  «Travmatologiya və Ortopediya» və «Хирургия, Восточная Европа»,  jurnallarının  redaksiya heyətinin üzvüdür. Professor Ç.B. Quliyev 2017-ci ildə öz ərizəsi ilə konsultant professor vəzifəsinə keçmişdir.

Respublika uşaq  cərrahlığının inkişafında  tibb elmlər doktoru, professor M.A.Mustafayevin böyük xidmətləri olmuşdur. M.A.Mustafayev  1942-ci  ildə  ziyalı  ailəsində  doğulub. 1967-ci ildə N.Nərimanov  adına  ATU-nun müalicə-profilaktika fakultəsini  bitirib. 1969-cu  ildə  namizədlik, 1986-cı ildə  doktorluq  dissertasiyası  müdafiə etmişdir.M.A.Mustafayev 1986-cı ildən N.Nərimanov adına  ATU-nun uşaq cərrahlığı kafedrasının professoru işləmişdir. O, 2005-ci ildə vəfat etmişdir. Professor M.A.Mustafayev Azərbaycanda kombustiologiyanın əsasını  qoymuşdur. Onun  rəhbərliyi altında  uşaqlarda  termiki yanıqların  müxtəlif aspektlərinə   həsr  edilmiş 5 namizədlik  dissertasiyası müdafiə edilmişdir. O, bir çox  monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin, metodik  tövsiyənin, 3  ixtiranın və 120-dən çox  elmi məqalənin  müəllifi olmuşdur.

2017-ci ildən kafedra müdiri vəzifəsinə tibb üzrə fəlsəfə doktoru, dosent R.Ş. Poluxov seçilmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini adlı təqaüdlə bitirmir. 1992-1994-cü illərdə Uşaq cərrahlığı kafedrasında klinik ordinatura keçmiş, 1994-1998-ci illərdə kafedrada baş laborant, 1998-2007-ci illərdə assistent, 2007-2017-ci illərdə dosent vəzifələrində calışmışdır. Paralel olaraq 2000-2013-cü illərdə Uşaq cərrahlığı kafedranın tədris hissə müdiri olmuş, 2013-cü ildən ATU-nun Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiridir.

2003-cü və 2009-cu illərdə Rusya Dövlət Tibb Universitetində endoskopik cərrahiyyə üzrə ixtisaslaşma kursu, 2011-ci ildə Secenov adına Moskva Tibb Akademiyasında Uşaq koloproktologiyası və endoskopik cərrahiyyə kursu, 2012-ci ildə Secenov adına Moskva Tibb Akademiyasında Torakoskopik və robortlaşmış endocərrahiyyə kursu,  2015-ci il- Secenov adına Moskva Tibb Akademiyasında Uşaq cərrahiyyəsi və uroandrologiyası üzrə kurs keçmişdir.

1999-cu ildə “Uşaqlarda qaraciyər exinokokkozunun cərrahi müalicəsinin yaxşılaşdırma yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. 2017-ci ildə “Uşaqlarda xroniki qəbzliklə müşayət olunan cərrahi patologiyaların diaqnostikası və kompleks müalicəsi” mövzusunda doktorluq dissertasiyanın sınaq müdafiəsini edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir. Dissertasiya işi AAK tərəfindən rəsmi müdafiəyə buraxılmışdır. Indiyədək 150-dən çox elmi məqalənin, həmçinin “Uşaqlarda exinokokkoz xəstəliyi” monoqrafiyasının və “Uşaq cərrahlığı fənninin tədris proqramı”-nın, 2 tədris metodiki vəsaitin, 3 metodiki tövsiyyənin və 1 səmərələşdirici təklifin  müəllifidir. 40-dan artıq təlim, seminar, konqress, simpoziumlarda iştirak və məruzələr etmişdir. Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavini, Russiya Uşaq cərrahları assosiasiyasının, Russiya Endoskopik Cərrahiyyə assosiasiyasının, Russiya Pediatrlar İttifaqının, ATU-nun Cərrahiyyə ixtisası üzrə oprabasiya Şurasının (sədr müavini), Cərrahiyyə üzrə problem komissiyanın, I Müalicə-profilaktika fakültə Şurasının  üzvüdür.

Hazırda kafedra Bakı  şəhər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının IV mərtəbəsində 24 carpayılıq şöbədə fəaliyyət göstərir. Kafedra  Respublika  uşaq  cərrahlığı  mərkəzidir.  Ona  görədə bütün sutka ərzində   Respublika üzrə uşaq əhalisinə planlı, təcili  və həm də təxirəsalınmaz cərrahi  xidmət göstərir. Uşaq cərrahlığı kafedrasının bazasında əməkdəşlar tərəfindən aşağıdakı istiqamətlərdə açıq və endoskopik əməliyyatlar icra edilir:

 -Yenidoğulmuşların cərrahiyyəsi  – ( öd yollarının atreziyası, qida borusunun atreziyası,  nazik və yoğun bağırsağın atreziyası, ağciyərlərin adenomatoz malfarmasionu, diafraqmal  yırtıq, omfasele, pilorostenoz, nekrotik enterokolit,  yenidoğulmuşların nefrotik fleqmonası, epifizar osteomielit və s.).

-Təcili və təxirəsalınmaz cərrahiyyə - (kəskin appendisit, peritonit, kəskin bağırsaq keçməməzlikləri, boğulmuş qasıq yırtıqları, daxili qanaxma ilə müşayət olunan qarın boşluğu travmaları və s. ).

-Abdominal cərrahiyyə  - ( qida borusunun axalaziyası, mədə-qida borusu reflyuksu, öd yollarının sistoz genişlənməsi, öd daşı xəstəliyi, qaraciyərin sistoz törəmələri, dalağın hemolitik xəstəlikləri, nazik bağırsağın inkişaf anomaliyaları (ikiləşmə, divertikul ), yoğun bağırsağın adenomatoz polipozu, meqadolixokolon, Hişprung xəstəliyi, Kron xəstəliyi, xoralı kolit, qarnın ön divarının inkişaf anomaliyaları və s.)

-Torokal cərrahiyyə - ( ağciyərlərin exinokoku, emfizeması, anadangəlmə və qazanılma diafraqmal yırtıqlar, traxeo-ezofageal fistula, ağciyərlərin bacterial destruksiyasının fəsadları və s.).

-Uroloji cərrahiyyə - (kriptorxizm, varikosele, hidrosele, hipospadiya, epispadiya,  hidronefroz, sidik kisəsi-sidik axarı  reflyuksu,  infravezikal obstruksiya və s.).

-Proktoloji cərrahiyyə  - ( pararektal fistulalar, anusun və düz bağərsağın atreziyası, rektovaginal fistula, düz bağırsağın polipi, anal çat, anal sfinkter çatmazlığı, düz bağırsağın sallanması və s.).

-Travmatoloji – ortopedik cərrahiyyə  - (anadangəlmə bud-çanaq oynağı çıxığı, əyripəncəlik, sindaktiliya, polidaktiliya, borulu sümüklərin sınığı, sümük kristalları və s.).

-Digər cərrahi əməliyyatlar – yumuşaq toxumaların inkişaf qüsurları ( hemangioma, limfangioma, lipomalar, epidermoidlər, amniotic atmalar, dermoid sistlər, teratomalar və s. ), irinli cərrahi infeksiya (osteomielit, fleqmona, furunkul, omfalit, hidroadenit,  limfadenit, və s. ), üzün və boyunun inkişaf qüsurları (əyriboyunluluq, boynun ön və yan sist və fistulları, yuxarı dodağın defekti, ranula və s.), onurğa və baş beyin dəbəlikləri.

Bununla bərabər uşaq cərrahiyyə mərkəzi respublika üzrə  elmi-metodik  mərkəz hesab olunur.  Burada  ildə  onlarla uşaq cərrahı hazırlanraq Respublikanın şəhər  və rayonlarına  praktiki işə göndərir. Kafedra  əməkdaşları tərəfindən 100-dən çox  elmi-metodik və elmi-tədris  vəsaitləri çap  etdirilərək praktiki  səhiyyədə tətbiq edilmişdir. Kafedra  əməkdaşları  tərəfindən 30-dən çox  monoqrafiya, 59 tədris vəsaiti, 5  ixtira və 14 səmərələşdirici təklif  öz həllini  təcrübi təbabətdə  tapmışdır. Kafedra əməkdaşları böyük elmi-tədqiqat  işləri ilə məşğul olurlar. Son  20 ildə kafedra əməkdaşları tərəfindən 1000-dən çox  elmi məqalələr, o cümlədən 200-dən çoxu xarici mətbuatda dərc olunmuşdur. Hazırda uşaq cərrahlığı mərkəzində 2 tibb üzrə elmlər doktoru, professor, 5 tibb  üzrə fəlsəfə doktoru dosent, 2 nəfər tibb  üzrə fəlsəfə doktoru  və 4 nəfər yüksək ixtisaslı uşaq cərrahları, 8 nəfər baş laborant  fəaliyyət göstərirlər.

Copyright © 2013-2015. Azərbaycan Tibb Universiteti! Bütün hüquqlar qorunur.